Biz heç vaxt Aİ-yə üzv olmağı qarşıya hədəf qoymuruq
24 aprel 2024-cü il tarixi Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirakı və çıxışı ilə yadda qaldı.
Hər hansı bir ölkənin müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirmək nə qədər böyük qürurdursa, bir o qədər də məsuliyyətlidir və gərgin iş, düzgün siyasət tələb edir. 24 aprel 2024-cü ildə ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyevin çıxışı bu fikrin aydın şəkildə sübutudur. Dövlət başçısının səsləndirdiyi tezislər konkret tarixi dövrdə beynəlxalq siyasi mübarizənin real nəticələrini əks etdirir və ortaya ortimal siyasi dərs kimi qoyulur. Hədəf isə siyasi ikiüzlülük və riyakarlığın ifşasıdır. Eyni zamanda ölkələrin müstəqil qərar qəbul etməklə yanaşı digər dövlətlərin maraqlarının nəzərə alınmasıdır.
Ölkə başçısı bildirdi ki, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.
Prezident İlham Əliyevin çıxışından sitat: “Biz heç vaxt qarşıya çata bilinməyən hədəflər qoymuruq. Ona görə də biz heç vaxt Aİ-yə üzv olmağı qarşıya hədəf qoymuruq. Biz aydın başa düşürdük və başa düşürük ki, bu, real deyil və heç vaxt olmayacaq, biz onların tələb etdikləri hər şeyi etsək belə. Türkiyə buna gözəl nümunədir. Türkiyə namizəd olduqdan sonra bir çox ölkə Avropa İttifaqına qəbul edildi. Amma Türkiyə əhalisinin müsəlman olması səbəbindən qəbul edilmədi, gəlin, çox ədalətli olaq. Biz həmişə çox açıq danışırıq. Türkiyənin bəzi meyarlara uyğun olmadığını söyləmək isə tamamilə əsassızdır. Biz əməkdaşlığa hazırıq, lakin qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara əsaslanırıq”.
Bu, Avropadan imtina deyil, Avropa İttifaqının siyasətdə söykəndiyi ikili standartların qanunauyğun sonluğudur. Bir vaxtlar Aİ mənsubları “Şərq tərəfdaşlığı” adlı bir inteqrasiya proqramı hazırlamış və oraya keçmiş 6 sovet respublikasının adını salmışdılar. Bildirmişdilər ki, müxtəlif layihələr həyata keçirməklə bu ölkələrin Avropa ilə yaxınlaşması təmin olunacaq. İlk öncə həmin ölkələrlə ayrılıqda müvafiq bəyannamələr bağlanması irəli sürüldü. Lakin dərhal da ikili standartlar özünü göstərdi. Belə ki, “ərazi bütövlüyü” prinsipi sənəddə əks olunmadı və bu səbəbdən Azərbaycanla bağlanılacaq bəyannamənin işi müşkülə düşdü. Məqsəd aydın idi: Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin üstündən sükutla keçmək. Təbii ki, avropalıların hiylələrini ardıcllıqla ifşa edən Azərbaycan rəhbəri buna razı olmadı. Onda Aİ-dən müxtəlif manipulyasiyalar başladı. 2017-ci ildə Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han ölkələrin ərazi bütövlüyü ilə bağlı ikili yanaşmanın nümayiş etdirilməsinə və bəyannamədə də eyni mövqenin əksini tapıb-tapmayacağı barədə mətbuata açıqlamasında dedi: “Keçən dəfə sammitin iflasına yaxın olan çox çətin bir vəziyyət yarandı. Hər kəs problemləri bilir. Biz bu kimi problem və münaqişələri bəyannamələrlə həll edə bilmərik. Mənim məsləhətim hər zaman qarşıdurma yaradacaq dildən çəkinmək və konkret nəticə verəcək məsələlərə köklənməkdir”.
Hakim Şahbazov,
YAP Ağsu Aqropark ƏPT sədri