Vüqar Əhmədov Qazaxda vətəndaşları qəbul etdi - FOTO

 19:12 29.04.2024     259

“Azərişıq” ASC regionlarda əsaslı təmir-bərpa, yenidənqurma, eləcə də maarifləndirmə işlərini davam etdirir. Bununla yanaşı Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq regionlarda yerli sakinlərlə görüşlər də keçirilir.

Redaktor.az xəbər verir ki, silsilə tədbirlərin davamı olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov aprelin 29-da Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Qazax rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, həmçinin, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər regionlarda həyata keçirilən yenidənqurma işlərinə, həmçinin, bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, “Azərişıq” ASC tərəfindən həyata keçirilən silsilə tədbirlər vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, həmçinin, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

2