Polkovnikdən Həzi Aslanovla bağlı TƏKLİF

 13:14 30.04.2024     286

“Moskva metrosundakı stansiyaların birinə Həzi Aslanovun adının verilməsi təqdirəlayiq olar”.

Redaktor.az xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. İki dəfə Sovet ittifaqıl Qəhrəmanı adına layiq görülən azərbaycanlı generalın Ukrayna ilə yanaşı, həm də Rusiyanın bir çox şəhərləri uğrunda döyüşdüyünə diqqət çəkən polkovnik hesab edir ki, Həzi Aslanovun adının əbədiləşdirilməsi prosesi davamlı olmalıdır:

“Bizim üçün sevindiricidir ki, ölkəmizlə yanaşı, Rusiyada da Həzi Aslanovun adı əbədiləşdirilib, bəzi küçələrə, məktəblərə qəhrəmanın adı verilib. Həzi Aslanovun döyüş yolundan, faşizmə qarşı apardığı mübarizədən filmlər çəkilib, kitablar yazılıb. Lakin hesab edirəm ki, Həzi Aslanovun adının əbədiləşdirilməsi prosesi davamlı olmalı, bu istiqamətdə respublikamızın hüdudlarından kənarda yeni addımlar atmalıyıq. Bu baxımdan Moskva metrosundakı stansiyalardan birinə Həzi Aslanovun adının verilməsi arzuediləndir. Çünki Həzi Aslanov Rusiyanın bir çox bölgələrində - Rostov, Leninqrad, Stalinqradla yanaşı, həm də Moskva uğrunda döyüşlərdə iştirak edib, bu döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib. Moskvanın faşist hücumundan müdafiə edilməsində, bu döyüşlərdə düşmənin məğlub edilməsində onun böyük rolu olub. 1941-ci ildə məhz Moskva uğrunda döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə hərbi komandanlıq onu “Qırmızı Ulduz” ordeni ilə təltif edib. Bu baxımdan, Həzi Aslanovun adının Moskva metrosundakı stansiyalardan birinə verilməsi məntiqlə və ədalətli olardı.

Bunu da qeyd edim ki, Həzi Aslanovun adının Moskva metrosundakı stansiyalardan birinə verilməsi Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının diqqət mərkəzindədir. Artıq bununla bağlı Rusiyanın əlaqədar qurumlarına müraciət etmişik. Çalışırıq ki, bu məsələ yaxın gələcəkdə öz həllini tapsın”.