Dini liderlər Füzuli şəhərində olublar

 12:34 02.05.2024     251

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər işğaldan azad edilmiş Füzuli şəhərində olublar.

Redaktor.az xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəlib. Onlara beynəlxalq hava limanı haqqında məlumat verilib. Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub və istənilən hava gəmisini qəbul etmək imkanı var.

Qonaqlar Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Füzulidə törədilən dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olublar.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev qonaqlara 30 illik işğal dövründə ermənilərin ölkəmizə qarşı törətdikləri cinayətlər barədə ətraflı məlumat verib. Bildirilib ki, erməni vandalları işğal etdikləri şəhər və kəndlər kimi Füzuli şəhərini də talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib.

Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə nəticəsində işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri başlanılıb. Füzuli şəhərində ilk yaşayış məhəlləsinin inşası yekunlaşıb və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı başlayıb.

Nümayəndə heyəti sonra Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbə gəlib. Məlumat verilib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilən məktəb 960 şagird yerlikdir. İki mərtəbə və zirzəmidən ibarət məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Qonaqlar daha sonra Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə gəliblər. Bildirilib ki, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi qardaş qazax xalqının Azərbaycan xalqına hədiyyəsidir. Təməli 2023-cü ilin martında qoyulan Mərkəz 1,5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Burada mühazirə zalı, şahmat və kulinariya sinifləri, incəsənət və heykəltaraşlıq studiyası, xoreoqrafiya və idman zalı, səsyazma kabineti, musiqi və vokal sinfi, foto-video montaj, veb-dizayn və robototexnika kabinetləri, akt zalı, 3D modelləşdirmə sinfi var. Mərkəzdə IT-startaplara və Azərbaycanın milli mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə xüsusi diqqət yetiriləcək.

Nümayəndə heyəti Füzulidən sonra Şuşaya yola düşüb.