“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”

 10:04 04.05.2024     243

Dünən Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə Bakı şəhər məktəbliləri arasında hərbi bilik yarışının final mərhələsi keçirilib. Qalib komandalar və həmin təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən diplomla mükafatlandırılıblar.

Məktəblilər arasında hərbi bilik yarışlarının keçirilməsi yeniyetmlər arasında hərb peşəsinə marağın artırılması, vətənpərvərlik tərbiyəsinin güclənməsi baxımından nə dərəcədə önəmlidir?

Redaktor.az xəbər verir ki, millət vəkili Azər Badamov bu kimi tədbirlərin  böyük əhəmiyyətə malik olduğunu bildirib:

“Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə Bakı şəhər məktəbliləri arasında hərbi bilik yarışının keçirilməsini təqdirəlayiq haldır. Belə yarışmalar mütəmadi keçirilməli və nəinki Bakı şəhəri məktəbləri arasında, həm də bütün ölkə ərazisində təşkil olunmalıdır.

Məktəblərdə çağırışaqədərki hazırlıq fənni tədris olunur. Bu fənin tədris keyfiyyəti də artırılmalıdır. Gənclərin vətənpərvərlik ruhunda tərbiyyə olunması, onların hərbiyə hazırlıq səviyyəsinin yüksəldilməsi ən vacib məsələlərdən biridir. Torpaqlarımız işğal altında olduğu illərdə gənclərimiz Şuşada və Xankəndində bayrağımızı dalğalandırmaq arzusu ilə böyüdülər. Ona görə də müharibə başlayanda hamı bir nəfər kimi silaha sarıldı və 44 gündə qəhrəmancasına müharibə edərək igidlik dastanını yazdılar.

Bu gün torpaqlarımız işğaldan azad olunmuş, ərazlilərimizdə suverənlik təmin olunmuşdur. Amma bu o demək deyil ki, qalib olduq və vətən yaddan çıxmalıdır. Vətən torpaqları həmişə qorunmalıdır. Qorunmasa, yenidən təhlükələr yarana bilər.

Müharibə başa çatsa da, ölkəmizə təzyiqlər həmişə olacaqdır. Çünki inkişaf edən və müstəqil siyasət yürüdən ölkələri xoşlamırlar. O cümlədən, Cənubi Qafqaz böyük güclərin maraqlarının toqquşduğu yerdir. Ona görə də bu gün gənclərimizin vətənə sevgisi həmişəkindən də çox, ordumuzun hərbi gücünün daima artırılması vacib məqsədlərimiz olmalıdır. Bu baxımdan, uşaqlarımız vətənpərvərlik ruhunda böyüməli, vətənə bağlı olmalı, məktəb illərində minimum hərbi biliklərə yiyələnməli və orduya sevgi ruhunda böyüməlidir.

Belə yarışmaların keçirilməsi məktəblilərin hərbi çağırışa qədər biliklərin daha dərindən mənimsənilməsinə, hərbiyə maraqın artmasına töhfə verəcəkdir” (moderator).