Soğan sahəsinin qeyri-qanuni suvarılması aşkarlandı - VİDEO

 15:51 08.05.2024     274

Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində Dənizkənarı adlanan ərazidə soğan sahəsinin suvarılmasında qeyri-qanuni su xəttindən istifadə edildiyi aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, Məşədi Hilal adlı qəsəbə sakini hektarlarla ərazidə soğan sahəsi salıb. Vaxtilə torpaq sənədi əsasında əraziyə qanuni su xətti çəkilib, kod açılaraq sayğac quraşdırılıb. Böyük bir təsərrüfatda istifadə olunan suyun həcmi ilə bağlı şübhələr yarandığından qurumun əməkdaşları tərəfindən əraziyə baxış keçirilib.

Məlum olub ki, sahibkar 63 mm diametrli boru ilə yaxınlıqdan keçən şəbəkədən əlavə qanunsuz su xətti çəkib. Əkin sahəsi də həmin xətlə suvarılıb. Əraziyə cəlb olunmuş qəza briqadası tərəfindən qanunsuz çəkilmiş su xətti tamamilə ləğv edilib.

Aşkarlanmış fakt aktlaşdırılaraq dəymiş ziyan hesablanıb. Sahibkarın diqqətinə çatdırılıb ki, sudan qeyri-qanuni istifadə etmək yolverilməzdir. Bu hal bir daha təkrarlanarsa daha ciddi tədbirlər görüləcək.

Qeyd olunub ki, bu cür hallar şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

22