Bakıda “Ailə Festivalı” keçiriləcək
Bu gün Bakıda ənənəvi “Ailə Festivalı” keçiriləcək.
Bu barədə Redaktor.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, 15 may - Beynəlxalq Ailə Günü ərəfəsində keçirilən festival “Ekoloji düşüncə ailədən başlayır” şüarı altında komitənin, Bakı Şəhər İcra Hakimiyyətinin və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq.
Xətai rayonu ərazisində yerləşən Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkında keçiriləcək tədbirdə ailələr, rəsmi qonaqlar, ziyalılar, media mənsubları, blogerlər, türk dövlətlərinin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edəcəklər.
Festival çərçivəsində uşaqlar üçün müxtəlif ustad dərsləri - xalçatoxuma, ebru sənəti, dulusçuluq, gül çələngi, maqnit və eko-çanta hazırlanması, gil ilə iş və s. nəzərdə tutulur. Animatorların iştirakı ilə əyləncələr və sonda konsert proqramı da təşkil ediləcək.