"Azərbaycanda narkotikin yüksək dozasından ölənlərin sayı azalıb"

 13:22 15.05.2024     236

Azərbaycanda narkotik maddələrin yüksək dozasının qəbulu nəticəsində ölənlərin sayı azalıb.

Redaktor.az xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri (KİV) tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Nazirlər Kabinetində görüşündə bildirib.

Onun sözlərinə görə, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə səmərəliliyin artırılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlığının təmin edilməsi sahəsində zəruri tədbirlər görülür:

"Hüquq-mühafizə orqanları müasir telekommunikasiya və informasiya imkanlarından istifadə edərək narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işini gücləndirib, qanunsuz dövriyyədən külli və xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə olunaraq məhkəmə hökmləri əsasında məhv edilib. Eyni zamanda ümumilikdə aşkar olunmuş cinayətlərin sayı, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, həmçinin narkotik maddələrin yüksək dozasının qəbulu nəticəsində ölənlərin sayının azalıb".