Mətbuat Şurası Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yaydı

 15:17 22.05.2024     239

Azərbaycan Mətbuat Şurası Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yayıb.

Redaktor.az nekroloqu təqdim edir:

"Azərbaycan jurnalistikasına, elm ictimaiyyətinə, bütövlükdə ziyalı mühitinə ağır itki üz verib. Respublikamızın əməkdar jurnalisti, yazıçı, publisist və alim Ramiz Əskər dünyasını dəyişib. Mərhumun ailə üzvlərinə, doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk.

1954-cü ildə Gümrünün Amasiya rayonuna bağlı Qaraçanta kəndində (Ermənistan ərazisi) doğulmuş R.Əskər 1972-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə keçib və 1978-ci il­də həmin ali təhsil ocağını bitirib.

1978-1983-cü illərdə “Azərbaycanın Səsi” radiosunda işləyib. 1983-1984-cü illərdə Azərbaycan, türk, ərəb, fars, ingilis, fransız və alman dillərində çıxan “Azərbaycan bugün” jurnalının baş redaktoru olub.1984-1991-ci illərdə latın, kiril və ərəb əlifbaları ilə işıq üzü görmüş “Odlar yurdu” qəzetinin baş redaktoru vəzifəsini tutub. 1991-1993-cü illərdə Türkiyənin “Hürriyet” qəzetinin və Uluslararası Haber Ajansının (UHA) Azərbaycan üzrə müxbiri olub. 1993-1997-ci illərdə “Yeni Forum” jurnalının (Ankara) təmsilçisi kimi fəaliyyət göstərib. 1993-1994-cü illərdə Xarici Turizm Şurasının idarə rəisi işləyib. 1994-1996-cı illərdə “XXI əsr” qəzetinin baş redaktoru, 1992-1997-ci illərdə Azərbaycan Jurnalistlər Birliyinin katibi kimi çalışıb.

R.Əskər, həmçinin, 2003-2006-cı illərdə Bakı Dövlət Universitetindəki Türkologiya kafedrasında işləyib, azərbaycanca və rusca Türk mədəniyyət tarixi, Türkologiyanın əsasları, “Divanü lüğat-it-türk”, “Kitabi-Dədə Qorqud”, “Qutadğu Bilig”, “Manas” dərsləri deyib. 2007-2012-ci illərdə filologiya fakültəsində bədii tərcümə elmi-tədqiqat laboratoriyasının müdiri olub. 2012-ci ildə türk xalqları ədəbiyyatı kafedrasının, 2016-cı ildə isə türkologiya kafedrasının müdiri seçilib. 2023-cü ildən Türkoloji Araşdırmalar Mərkəzinin rəhbəri olub. 80-ə yaxın  beynəlxalq simproziumun və konfransın iştirakçısı olmuş R.Əskər Azərbaycanda və dünyanın müxtəlif ölkələrində çapdan çıxmış 94 kitabın, xeyli sayda tərcümənin müəllifi kimi də tanınb. O, 2010-cu ildə Əməkdar jurnalist fəxri adına, 2014-cü ildə “Şöhrət” ordeninə, 2024-cü ildə II dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb. Ramiz Əskər 2022-ci ildə Özbəkistanın “Dostluq” ordeni ilə də təltif edilmişdi.

Zəngin, ölkəmiz, bütövlükdə türk dünyası üçün faydalı ömür yaşamış, çoxşaxəli yaradıcılıq diapazonu ilə seçilmiş Ramiz Əskərin yoxluğu son dərəcə üzücüdür. Uca Tanrıdan məhrumun doğmalarına, əzizlərinə, onu tanıyan, bənzərsiz və təkrarsız əməyinə yüksək dəyər verən hər kəsə səbr diləyir, kədərlərini bölüşürük.

Allah rəhmət eləsin!"