İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı çox müsbətdir

 11:20 23.05.2024     231

"Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir.

İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür. Dostluğun dərin kökləri və tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. İlk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşüblər. Bu hadisə bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək. İstər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirlər üst-üstə düşür. Bu, çox önəmli bir amildir.

Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə dəstək verməklə, eyni zamanda, öz siyasətimizi, öz niyyətimizi ifadə edirik.

Fəda Təbrizli,

YAP Ağsu Qaraqoyunlu ƏPT sədr müavini