Bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır

 13:59 23.05.2024     236

Ölkə Prezidenti cənab İlham Əliyev cari ilin 19-may tarixində Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxış edib. 19 may tarixində ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşdülər. Bu hadisə bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir.

Azərbaycan və İran arasındakı münasibətlər son dövrdə müsbət tendensiyada inkişaf edir. Hazırda həm Azərbaycan, həm də İran tərəfindən qarşılıqlı münasibətlərin inkişafı üçün müsbət açıqlamalar verilir. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Biz bütün beynəlxalq təşkilatlarda, üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə dəstək verməklə, eyni zamanda, öz siyasətimizi, öz niyyətimizi ifadə edirik. Bizi birləşdirən layihələrin arasında təbii ki, nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Hər iki ölkə burada öz səylərini birləşdirib. Onu bildirməliyəm ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb, bu ilin üç ayında da artıb. Bütövlükdə isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq.

Rəcəb Süleymanov,

YAP Ağsu Ləngəbiz ƏPT sədr müavini