Müstəqillik Günü Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir

 18:01 24.05.2024     472

28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür. Yüz altı il bundan əvvəl -1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil oldu. Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparmış, Azərbaycan tarixinin əhəmiyyətli və yadda qalan dövrlərindən olan  XX əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda istiqlaliyyətini elan edib.  1918-ci ilin 28 may günü Azərbaycan özünü bir dövlət kimi varlığını dünyaya  göstərdi. Çox təəssüf ki, həmin illər qarışıq idi. Nə Birinci Dünya müharibəsi, nə də ki, dünyanın hələ bölüşdürülməsi prosesi qurtarmamışdı, dünyada sovet kabusu  dolaşırdı. Həmin dövrdə Azərbaycanda bütün qüvvələri səfərbər etmək və Azərbaycan Cümhuriyyətini qorumaq mümkün olmadı. Lakin o vaxt ADR-in banilərindən biri  Məmmədəmin Rəsulzadənin dediyi kimi, Cümhuriyyət Azərbaycan xalqına vəd etdiyi çox şeyi verə bilməsə də, azadlığın nə olduğunu dadızdırdı. 23 ay yaşayandan sonra o, süqut etdi və uzun illər sovet hökumətinin tabeliyində qalmağına baxmayaraq, xalqımız demokratik ideyaları daim qoruyub saxlamağa müvəffəq oldu.

1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı  XX əsrdə ikinci dəfə öz müstəqiliyini elan etdi. Azərbaycan dövləti özünün 1918-ci ildə qurulmuş demokratik cümhuriyyətin varisi olduğunu elan etdi.  Məhz varislik prinsipinə görə, Müstəqillik Günü Azərbaycanın dövlət müstəqilliyi günü kimi qeyd olunaraq, xalqın XX əsrdə qazandığı nailiyyətlərlə bağlı bir gündür. Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli cümhuriyyət və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətdə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib. Azərbaycan Demokratik Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci il).1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Cümhuriyyətinin üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Cümhuriyyətinin bayrağı qırmızı rəngdəydi.

Ümummilli liderimiz   Heydər Əliyevin hakimiyyətə qayıdışı demokratik, müstəqil Azərbaycanın dövlətinin qorunması, möhkəmləndirilməsi 1918-ci ildə əldə etdiyimiz uğurların əbədiyyətə qədər davam etməsinə səbəb olaraq dönüş yaratdı. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. Ulu öndər Heydər Əliyev demişdi: “ Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyduq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli bir vəzifə düşübdür. Güman edirəm ki hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır”.Bu günün tarixi yaddaşlarda yaşanması,  gənc nəsillərinə tanıdılması, eləcə də, Azərbaycanı sevən, istəyən dost ölkələrə tanıtması bizim bir dövlət, bir millət olaraq tariximizə xidmət edəcək işlərdən biridir. Təkcə bayram etmək yox, həm də o ənənələri yaşatmaq, inkişaf etdirmək, Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyümüzü təmin etmək, məhz Heydər Əliyev ideyalarına sədaqətimizin bilavasitə əməli təsdiqi olar.

Bu gün də Müstəqillik Gününün keçirilməsi Azərbaycan vətəndaşlarının tarixi unutmadığını və öz ənənələrini daimi olaraq yaşatdığını təsdiq edir. Biz ulu öndərimiz Heydər Əliyevin bizə qoyub getdiyi mirası qoruyub saxlamalı və bu yolda daim birgə addımlamalıyıq. Məhz bu müstəqilliyimiz bu gün də qorunub saxlanılır, bu da Azərbaycanın dövlətçilik ənənələrinin indi də yaşadığının göstəricisidir. Bu gün Azərbaycan dövlətçilik tarixində mühüm yer tutur. Belə bir günün bu gün də qeyd olunması Azərbaycan tarixinə verilən dəyərdir. Bu onu göstərir ki, Azərbaycanın qədim dövlətçilik və idarəçilik tarixi vardır.

“Heydər Əliyev siyasi kyrsunu layiqincə davam etdirməklə yanaşı, həm də dövlət idarəçiliyində yeni məktəbin yaradıcısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini  daha də möhkəmləndirir. Ulu öndər Heydər  Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş siyasət nəticəsində, şanlı  Azərbaycan Ordusu  44 gün davam edən Vətən Müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək  tarixi Zəfərə imza ataraq uzun müddət işğal altında olan torpaqlarımızı azad etdi. Bu, Azərbaycan xalqının böyük tarixi qələbəsidir. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada, Xankəndidə, Xocalıda və bütün ərazilərimizdə dalğalanması Azərbaycan Prezidenti cənab İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda   deyil,  beynəlxalq  miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və  həyata  keçirilən hərtərəfli düşünülmüş, müdrik çoxşaxəli siyasət, qazanılmış uğurlar əminliklə  söyləməyə əsas verir ki, Azərbaycanın dövlət müstəqilliyi  əbədi olacaq”.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri