Səndən sonra gələn 70 yaşın

 16:47 31.05.2024     308

Yoxluğunu hiss etmək üçün cəmi bir həftənin yetəcəyi ağlıma gəlməzdi. Ancaq bu fikirdə olan təkcə mən deyiləm, az qala bütün dostlar həftə keçməmiş “Ədalətin yeri yaman görünür”, dedilər. Duzlu söz-söhbətin, kimsə xətrinə dəyəndə düyünlənən alnın, təbəssümü əskilməyən nurlu çöhrən yaddan çıxmır. Artıq 5-ci aydır sənli xatırələrlə baş-başayıq, birgə söhbətlərimizin əvvəli, axırı sən olursan. Xatırladıqca da dərdimiz təzələnir, qəfil itkimizə üzülür, “qadası, necəsən?” sualına sükutla cavab veririk. Dostların belə suallarına “Bir otaq küncündəki qəmli sükunət kimiyəm”, deyərdin. İndi bu cavabın da ovunmayan qəlbimizi göynədir. Nədən səni “qəmli sükunət”ə döndərən dərdinə vaxtında ortaq olmadıq? Kaş ki ola biləydik.

“Dünyada əvəzedilməz insan yoxdur” deyiminin yanlışlığına ilk dəfə 42 il əvvəl atamı itirəndə inanmışdım. Sonrakı itkilər bu inamımı bir az da möhkəmlətdi və bir gün aramızdan gedənlərin sırasına dostlar da qatıldı. Artıq qəti inanıram – hər bir insan əvəzedilməzdir. Dostumuz tanınmış jurnalist Ədalət Teymurov kimi.

Son vaxtlar dostlar ehtiyatsızlıq edib sözünü kəsəndə “qadası, fikrimi dağıtdın, nədən danışacaqdım, unutdum” deyib gileylənirdin. Bizə elə gəlirdi, daha kövrək olmusan. Bəlkə danışmağa çox az vaxtının qaldığını hiss etdiyindən belə olmuşdun? Ürəyini boşaltmaq istəyirdin. Nə bilək, onda hələ dost süfrəsinin başında idin. Hətta hərdən ərklə “qadası, son vədələr yaman dəymə-düşər olmusan”, deyirdik. Ancaq bilirdin ki, sözümüzdə qınaq yoxdur.

Son vaxtlar daha çox yadda qalan cəhətlərin barədə düşünürəm. Mən bunların xeyirxahlıq, həssaslıq, dürüstlük, səmimilik, bir də səbirsizlik olduğunu deyərdim. Az-çox tanıyanlar bilirdilər, ən qəzəbli, əsəbi vaxtlarında belə xeyirxahlığından qalmazdın. Dağ çayı tək bir anda kükrəyib daşdığın kimi, tez də sakitləşir, həlimləşirdin. Qəlbin bütün gözəlliklərə qucaq açmış sevgi ümmanı idi. Ən müxtəlif ideyalarla dolub daşırdın. Geniş dünyagörüşün, zəngin mütaliən də öz yerində. Daha neçə tərəfinlə fərqlənsən də, “qadası, sən daha yaxşı bilərsən...” deyə soruşmağının özgə bir yeri vardı. İstənilən məsələni daha dərindən öyrənmək, bildiyini bir az da dəqiqləşdirmək istəyirdin. Yadıma dostlardan birinin Füzulinin “Mətləül-etiqad” əsərinə istinadən dediyi fikir düşdü. “Ruh zatən müdrikdir”. Bu, sənin növbəti doğum günündən sonra deyilmişdi. Uşaq kimi gülümsəmişdin. Dilinə gətirməsən də, gözlərin bu dəfə də ürəyinə güzgü tutmuşdu. Qəzəbin kimi, sevincini də gizlətmirdin, çünki saf idin.

Doğum günlərini keçirməyi sevməzdin. Yubileyləri heç xoşlamırdın. Güc-bəla qeyd etdiyimiz 50 yaşından az sonra insult keçirdiyinə görə yubileylərə münasibətin lap tündləşmişdi. “Uşaq deyilik ki, doğum günümüzü səbirsizliklə gözləyək”, deyirdin. “Ömürdən daha bir yarpaq düşməsinin nəyinə sevinəsən, hələ bunu qeyd edəsən”.

Yarpaqlar isə istəməsək də düşür. Sənin ömrünün son yarpağının düşdüyü il kimi. İnsan istəsə də, istəməsə də o yarpaqlardan özünə bir dünya qurur. Sən də qurmuşdun. Onun bir parçasında biz, Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin 1006-cı qrupunun tələb dostları da vardıq. Tale neçəmizi seçdiyimiz ixtisasdan uzaq salsa da, sən öz seçiminə sonadək sadiq qaldın. “Bakı”, “İnşaatçılar”, “Azərbaycan”, “Ədalət” qəzetləri, “Kənd həyatı”, “Azərbaycan təbiəti” jurnallarında neçə məqalən, oçerkin, essen və başqa janrlı yazıların çap olundu, özünəməxsus üslubunla imzanı tanıtdın. İşlədiyin və sıx əməkdaşlıq etdiyin bu nəşrlərin sırasına son illərdə maraqlı araşdırmalarına məmnunluqla yer verən “Təzadlar”, “Bakı xəbər” qəzetləri də əlavə olunmuşdu. İllər ömründən yarpaqlar kimi düşdü. Ancaq son bahar rəngində deyil, ilk bahar təravətli, daim yaşıl yarpaqlar. Səni həmişə diri saxlayacaq bu yarpaqların ünvanları arasında Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi və Sənədli Filmlər Kinostudiyası da oldu.

Qələmini fərqli mövzularda və janrlarda, həm də müxtəlif səpkili yazılarda sınadın. Ancaq həmişə doğruları yazdın, özünə, sözünə sadiq qaldın. Bu yola birinci çıxanlar ürəkdən bağlandıqları Vətənin dərdinə şərik, yaralarına məlhəm olmağı bacarmış, sevdikləri xalqa görə min bir məşəqqətə qatlanmışdılar. Hər birimizin müqəddəs Vətən qədər əziz tutduğu o uluların adlarını çəkməyə ehtiyac varmı? Həm də məsuliyyəti böyükdür, birdən kimisə unudar, günaha batarıq. Bilirəm, buna görə dostumuzun ruhu da bizi bağışlamaz. Çünki o da eyni yolla getmiş və sələfləri kimi gördüyü işlərə görə heç vaxt mükafat ummamışdı. Bu, Azərbaycan mətbuatının beşiyi başında duranlardan əxz etdiyi keyfiyyətlərdən gəlirdi.

Ədalət Teymurov müasir dövr Azərbaycan hərbi jurnalistikasının cığırdaşlarından idi. Bunun təsdiqi onun mərhum videooperator Seyidağa Mövsümlü ilə birgə Azərbaycanın Birinci Qarabağ müharibəsinin canlı xronikasını yaratmasıdır. Məsləkinə, borcuna sədaqətlə qələmə aldığı həmin kadrarxası mətnləri 1991–1994-cü illər Azərbaycanının cəbhə bölgələrinin ön xəttindən, səngərlərdən reportajlar da adlandırmaq olar. Bu kadr və mətnlər neçə döyüşün, düşmənə qarşı mərdliklə vuruşan əsgər, zabitlərmizin fədakarlığının əbədiyaşar salnaməsidir. Onların əsasında Seyidağa Mövsümlü ilə birgə yaratdıqları 20-dən artıq sənədli film, televiziya verilişlərində yayımlanmış çoxsaylı süjetlər də var. Hərbi jurnalistika tariximizin qürur doğuran səhifələri olan bu çəkiliş və mətnlərin mühüm bir hissəsi isə hələ ekrana çıxmayıb, Müdafiə Nazirliyinin arxivlərində qorunub saxlanılır. Həmin nadir materiallar da yəqin nə vaxtsa həyata vəsiqə alacaq. Onda Birinci Qarabağ müharibəsinin üz-gözünü qarsan od-alovunu ekranlara, kinoxronikaların nümayiş etdirildiyi səhnələrə gətirənlər sırasında olan Ədalət Teymurovun yalnız jurnalist deyil, vətəndaş kimliyi də bir daha əyan olacaq.

Müdafiə Nazirliyində hərbi xidmətdə olduğu dövrdə Ədalətin cəbhə bölgələrindəki hərbi hissələrə müxtəlif yardımlar təşkil etməsi, şəhid ailələrinə və əlillərin problemlərinin həllinə can yandırması xüsusi vurğulanmalıdır. Çünki həmin illərdə yeni təşkil edilən özünümüdafiə taborları silah-sursat, hərbi texnika ilə yanaşı, ərzaq və digər təminatlar baxımından da ciddi sıxıntı içində idi.

Söz vaxtına çəkər. 1992-ci ilin may ayının ortaları idi. Ədalət “Xalq Ordusu” qəzetinin əməkdaşları olan Bədirxan Başkeçidliyə, Söhbət Səfərliyə və mənə bildirdi ki, İmprotex şirkəti cəbhə bölgələrinə 1 maşın siqaret göndərməkdə köməklik göstərməsi üçün ona müraciət edib. Səhəri gün Füzulu, Cəbrayıl və Zəngilanda yerləşən hərbi hissələrə ezam olunduq. Hərbi hissələrdə yükü təhvil alan arxa təminat zabitləri: “siqaret sarıdan yaman korluq çəkirdik” deyib, yardıma görə İmprotex şirkətinə və nazirliyə minnətdarlıq etdilər. Hərbi hissələrin birində yükü təhvil alan zabit dostumuz Söhbətin siqaret çəkdiyini görüb yardımdan bir blok götürüb ona tərəf uzatdı. Üçümüz də birdən: “Sən nə edirsən, Ədalət eşitsə ki, o siqaretlərdən bir blok nədir, dənəsi belə ünvanına çatmayıb, Allah bilir nə edər” dedik. Yazıq çaşıb qalmışdı.

Dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə şəhid ailələri və əlillərin mənzil məsələlərinin həllində böyük problemlər vardı. Mövcud imkanlarla Ermənistanın getdikcə artan təcavüzünü dəf etməyə çalışan gənc dövlətin digər, xüsusi ilə sosial sahəyə lazımınca vəsait ayırması çox çətin idi. Sovet dövründən qalan məhdud mənzil fondu ilə də həmin kateqoriyadan olanların hamısını mənzillə təmin etmək mümkün deyildi. Əlbəttə, bu sahədə müxtəlif neqativ və hətta sui-istifadə halları da yox deyildi. Bu barədə məlumatlı, həm də insan kimi ünsiyyətcil və yaxşı həmsöhbət olan Ədalətin dövlət orqanlarında, xüsusi ilə rayon icra hakimiyyətlərində dost-tanış çox idi. Dostumuz onların mənzil məsələsində bu imkanlardan bacardıqca istifadə edirdi. Hərdən israrla müxtəlif qapıları döydüyü, neçələri ilə üz-göz olduğu vaxtlar da olurdu. Kömək etdiyi əksər şəhid ailə üzvləri və əlillər indi də onu xatırlayırlar. Ancaq 2-ci dərəcəli müharibə əlili kimi 4 nəfər ailə üzvü ilə 2 otaqlı darısqal mənzildə yaşasa da, özü üçün kiməsə ağız açmağa üzü gəlmirdi.

Ədalətin jurnalistlik fəaliyyəti həm janr, həm də mövzu baxımından, həqiqətən, geniş idi. Peşəkar qələmindən çıxan dəyərli yazıların arasında maraqlı araşdırmalar və dərin təhlillər də vardı. Öz təbirincə desəm, onun yazıları: “soyuq havada isinmək üçün çatılan tonqal kimi oxucuları ətrafına toplayırdı”.

Ədalət Teymurovun yaradıcılığının bir qolunu da onun facebook sosial şəbəkəsində paylaşımları təşkil edir. Bu mətnlər onun vətəndaş mövqeyinin təsdiqi olmaqla, prinsipiallığının və barışmazlığının daha bir təsdiqi kimi xarakterikdir. Onlardan bəzilərini təqdim etməyi lazım bildim.

“Qəhrəman tibb bacısı Məleykə xanım əslən İrəvanlı idi. Qardaşının da döyüşdüyü Füzuli istiqamətindəki cəbhədə yaralı əsgərlərimizə ilkin tibbi yardım göstərən bu qız, yaralılardan ayrılıb doğma qardaşının yarasını bağlamağa belə gedə bilmirdi. Ondan niyə belə etdiyini soruşanda, “hamısı mənim qardaşımdır”, –deyirdi. Bir sözlə, İrəvan, ancaq irəvanlıların deyil, hamımızın yurd yeridir. Hamılıqla bu məsələdə səfərbər olmalıyıq!”

“Qarabağa Xalq Yardımı Komitəsinin əməkdaşları Dağlıq Qarabağ regionunda yoxlamalar apararkən donuzxanalarda işləyən, orta təhsilsiz, hətta dilini unutmuş azərbaycanlı ailələrlə rastlaşdıq. Vilayət partiya komitəsinin birinci katibi Gevorkovun ixtiyarına buraxılmış bu bölgə ermənilər üçün bir cənnət, azərbaycanlılar üçün cəhənnəm idi. Azərbaycan büdcəsinin böyük bir hissəsi bölgədəki ermənilərə xidmət edirdi.”

“İki cür yaradıcılıq yolu var. Biri boş söz yığını ilə özünü aldatmaqdır. Digəri isə zamanın ağrılarına sinə gərmək, xalqın yanında olmaq və Vətən sevgisidir”.

“Min illərin o tayından üzü bəri informasiyaları bizə çatdıran ən yaxşı mənbə yaddaş yerləridir. Biz yaddaş yerlərinin hesabına milli kimliyimizi öyrənir, yurd yerlərimizə tarixi sahibliyimizə bələd oluruq. Yaddaş yerlərini məhv etmək elə milli kimliyimizi məhv etməkdir. Əlbəttə, bu, nadanlığımızdan da baş verir. Köhnə yurd yerinə etinasızlıq çox vaxt gen qarışığımızdan irəli gəlir. Adətən, ermənilərlə qan bulaşığına malik olan adamlar yaşadıqları ölkənin yaddaş yerlərini, xalqın keçmişinə işıq salan mayakları – qədim abidələri dağıtmağa meylli olurlar”.

“Rus tarixçilərin erməniləri qədim xalq kimi təbliğ etməsinə cavab olaraq kiçik bir araşdırma apardım. Ermənilər, doğrudanmı, qədim millətdir? Əslində yox! Sadə bir araşdırma ilə bunu sübut etmək mümkündür. Bildiyimiz kimi, hər bir xalqın qədimliyi həm onun yazılı abidələrində, həm də müasir mədəni davranışında ifadə olunur. Ermənilərin qədim yazılı abidələri barədə özlərinin uydurmalarını nəzərə almasaq, elmə nə isə məlum deyil. Müasir davranışları da göz qabağındadır”.

Bir neçə gün sonra dostlar sənsiz gələn yubileyini qeyd edəcək. Ancaq istəyinə hörmətlə, bu yubileyi hər vaxt “işığına toplaşan” dostlar birgə deyil, ayrılıqda, fərqli formada qutlayacaq. Həmin gün sənin günün olacaq. Düşüncələrimizin, söhbətlərimizin, dualarımızın yeganə ünvanı sən, 70-ini görməyən, ömrün müdriklik çağında bir neçə saatın ərzində bizi tərk edən dostumuz olacaq.

Tələbəlik illərimizin daha bir əvəzsiz dostu Qasımın 70 yaşına çatmadığına yaman üzülürdün. Onda pandemiyanın ən ağır günləri idi. “Qadası, rəhmətlik Qasım xəbərsiz, özü də çox tez getdi, dəfnində də iştirak edə bilmədik”, deyib, göynəyirdin. Neçə yol dostlarla birgə məzarını ziyarət edəndə Qasımı eyni yanğıyla anmışdıq. 70 yaş sənə də əlçatmaz oldu. Təəssüf, dostumuz Yaşarsa, heç 60-nı da yaşamadı. Bəlkə tale yazısıdır. Təki yanılım.

Keçən ilki doğum günü təbrikimi xatırlayıram: “Ədalətin uşaqlığı, ilk gəncliyi Xəzər sahillərində keçib. Ancaq nədənsə, xaraktercə onu daha çox kükrəyib daşan, gur suları yalnız düzlərdə sakitləşib durulan dağ çayına bənzədirəm. Bu çayın suları ilk baharda daşıb dağlara-daşlara çırpılanda qəzəbi yeri-göyü titrədir, ancaq belə dəli-doluluğu çox az çəkir. Əksinə, daxili həzinliyi, saflığı, ətrafına bəxş etdiyi həyat nuru mənsəbinədək əksilmir, daha da artır. Zirvələrdən dərələrə axıb çağlayan dağ çayı düzlərə yayıldıqca həlimləşir, çölə, çəmənə həyat verir. Dostumuz da belədir, qəzəbi, hiddəti bir anlıq, xeyirxahlığı, sevgisi isə tükənməz, həyat doludur”.

Üzündən təbəssüm, qəlbindən sevgi əksilməyən, qəzəbi yaz yağışı, sevinci hamıya çatacaq qədər böyük olan, üzgörənliyin, saxtakarlığın düşməni, doğruların sirdaşı, prinsipial məsələlərdə 30-40 ilin dostlarına belə güzəşt etməyən böyük İnsan, məslək və can dostumuz, sənsiz gələn 70 yaşın mübarək!

Lətif Şüküroğlu

2