"Ulu öndərin xalq naminə işıqlı gələcək uğrunda göstərdiyi xidmətlər misilsizdir"

 17:49 12.06.2024     468

Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. 1993-cü ilin may-iyun aylarında ölkəmizdə müstəqilliyin ciddi zərbə altına düşməsi, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Buna görə müdrik xalqımız Heydər Əliyevin ali hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və o vaxtkı ölkə rəhbərliyi onu paytaxt Bakıya dəvət etməyə məcbur qaldı.

O məsuliyyətli günlərdə - 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm”. Ulu Öndər çıxışında söylədiyi hər bir kəlməni layiqincə həyata keçirdi. Belə ki, o, çətin bir şəraitin hökm sürdüyü vaxtda həyatını böyük risk altına qoyaraq, millətinin, xalqının gələcəyini öz təhlükəsizliyindən üstün tutaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək səsini dünyaya çatdırdı. Bu şəxs uzun illər SSRİ-nin ən yüksək postlarından birini tutmuş, Sovet Dövlət Təhlükəsizlik Sisteminin generalı, Siyasi Büronun üzvü olmuş Heydər Əliyev idi. Beləliklə, artıq Azərbaycanda baş verənlər beynəlxalq aləm tərəfindən ciddi qəbul olunmağa başlandı. Çünki danışanı, xalqına qarşı həyata keçirilən qanlı olaylara etiraz edəni, millətinin haqlı mövqeyini dünyaya çatdıranı beynəlxalq aləm yaxşı tanıyırdı. O soyuq günlərdə tökülən qanın ardından əldə olunan müstəqillik odu bu torpağı, vətəni isitməyə başladı... Azərbaycan müstəqillik əldə etdi və istiqlalını dünyaya bəyan etdi. Dünya bizi tanıdı. Amma yağışdan təzəcə çıxmışdıq ki, yağmurun astanasında dayanmaq məcburiyyətində qaldıq. Çünki səriştəsiz, tam bir təsadüflə, heç bir siyasi biliyə, təcrübəyə malik olmayan siyasətçilər dövlət postlarını zəbt etdilər. Dillərində “demokratiya” sözünü təkrarlaya-təkrarlaya xalqın istəyini, arzusunu nəzərə almadan öz bildiklərini həyata keçirməyə, ölkədə vətəndaş qarşıdurması yaratmağa başladılar. Bu dəfə yaranan qorxu daha böyük idi: Dağlıq Qarabağda öz işğalçı niyyətini həyata keçirən ermənilər az imiş kimi, Azərbaycanı daxildən bölmək istəyən dağıdıcı qruplar da meydana çıxdı. Birisi cənubdan, birisi qərbdən, birisi şimaldan başına hərbi dəstə toplayıb, AXC-Müsavat hakimiyyətinin səriştəsizliyindən, zəifliyindən və iradəsizliyindən istifadə edərək özünü müstəqil elan etmək istədi. Azərbaycanın yenidən bölünməsinə bir addım qalmışdı. Xalq Heydər Əliyevi təkidlə hakimiyyətə çağırdı. Azərbaycan üçün çətin, mürəkkəb vaxtda ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün ciddi təhlükə qarşısında qaldığı anda Heydər Əliyevə müraciət edən xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Yalnız ümummilli liderimiz ölkəmizin ərazi bütövlüyünü təmin etmək və xalqımızı müstəqilliyin azad inkişaf yoluna çıxmaq gücündə idi. Məhz bu baxımdan xalq özünün sınanmış liderini hakimiyyətə gəlməyə, müstəqil Azərbaycan dövlətini xilas etməyə israrla dəvət etdi. Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. Bu təkidli dəvəti qəbul edib Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu böyük tarixi şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə gəldi, vətəndaş qarşıdurmasının qarşısını aldı və xilaskarlıq missiyasını uğurla həyata keçirdi.

Qurtuluş günündən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsindən xilas oldu, inkişaf edən bir dövlətə çevrildi. Ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun quruldu, uğurlu neft strategiyası müəyyən edilib həyata keçirilməyə başlandı, ictimai həyatımızın bütün sahələrində hərtərəfli demokratik islahatlar aparıldı. Siyasi plüralizm, söz və mətbuat azadlığı təmin edildi, Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzası ləğv edildi, ölkənin gələcək inkişafını şərtləndirən hərtərəfli şərait yaradıldı. Ulu Öndərin balanslaşdırılmış xarici siyasət kursunun nəticəsi olaraq ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildi, Azərbaycanın haqq səsi dünyada eşidilməyə başlandı. Uğurlu neft strategiyası, siyasi və iqtisadi islahatlar dünya dövlətlərinin diqqətini cəlb etdi və 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi" kimi nəhəng bir saziş imzalandı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi, Böyük İpək Yolunun bərpası üzrə konkret addımlar atıldı. Bütün bunlar əbədiyaşar Heydər Əliyevin siyasi fəaliyyətinin bəhrələridir, onun parlaq səhifələridir. Ulu öndər Heydər Əliyev hər zaman xalqını düşünmüş, onun rifahı naminə qərarlar qəbul etmişdir. Onun xalq naminə işıqlı gələcək uğrunda göstərdiyi xidmətlər misilsizdir.

Alim Hüseynov,

YAP Ağsu rayon təşkilatının məsləhətçisi