"Bizdə həm peşəkar jurnalistlər, həm də məmur yanaşması baxımından sıxıntılar var" - Elşad Eyvazlı

 13:59 22.07.2024     387

Azərbaycan Milli Mətbuatının 149 yaşının tamam olduğu bir gündə Modern Media Qrupun və Media Türk TV-nin rəhbəri, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Elşad Eyvazlı "525-ci qəzet"ə müsahibə verib. 

Redaktor.az xəbər verir ki, Elşad Eyvazlı müsahibəsində mediamızın dünəni, bu günü və gələcəyi barədə danışıb:

- Elşad bəy, Sizinlə müsahibəyə gələrkən çalışdığınız media qurumlarını araşdırdıq. Siz Mətbuat Şurası İdarə Heyətinin üzvü və komissiya sədri, Modern Media Qrupun və Media Türk TV-nin rəhbəri, Əməkdar jurnalist, Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin sədri, Azedu.az Təhsil Portalının təsisçisi, Beynəlxalq Jurnalistlər Şurasının xarici media məclis sədrisiniz. Çox deyilmi, bu işlərin hamısına necə vaxt çatdırırsınız?

- Mən sizi də, özümü də, bütün həmkarlarımızı da əlamətdar gün - Milli Mətbuat Günü münasibətilə təbrik edirəm. 22 İyul Azərbaycan tarixinin ən yaddaqalan səhifələrindəndir.

Eyni zamanda ötən gün Azərbaycanın işğaldan azad edilmiş bölgəsində keçirilən Şuşa Qlobal II Media Forumu münasibətilə də hamımızı təbrik edirəm. Bu forum dünya mediasında yaxşı mənada böyük səs-küy yaradıb. Forum həm də 22 iyula da bir töhfə və ehtiram oldu.

O ki qaldı sadaladığınız media qurumlarına, bunların əksəriyyəti ictimai işlərdir və hamısı birbaşa jurnalistikaya aiddir. Əslində o siyahını xeyli uzatmaq da olar. Həm də onların heç birini kimsə mənə hədiyyə etməyib, qeyri-təvazökarlıq çıxmasın, özüm qazanmışam. Çatdırmaq məsələsinə gəlincə, zamanını doğru qiymətləndirsən, doğru bölsən, hər işə vaxt tapa bilərsən.

- 149 yaşlı Azərbaycan milli mətbuatına bir də sizin gözünüzlə baxaq. Mətbuatımızın indiki durumu necədir?

- Belə də… Yaşayırıq. Əsas odur ki, Qarabağ işğaldan azad edilib. Bu, baş veribsə, Şuşa, Xankəndi, Xocalı, Kəlbəcər kimi bölgələrimiz düşməndən geri alınıbsa, deməli, hər şey çox yaxşıdır və daha da yaxşı olacaq. İndi Azərbaycan dövləti də, dünya azərbaycanlıları da xoşbəxt bir dövr yaşayır. Bunun üçün Ali Baş Komandanımıza, Şəhidlərimizə, qazilərimizə borcluyuq.

Mətbuatın hazırkı durumuna gəlincə, bu sahədə o zaman xoşbəxtlik olur ki, bir-birilə həmrəy, peşəkar jurnalistlər çoxluq təşkil etsin. Mətbuat o zaman xoşbəxt olur ki, məmurlar jurnalistləri ictimai nəzarətçi kimi qəbul etsinlər. Amma bu gün bizdə həm peşəkar və həmrəy jurnalistlər, həm də məmur yanaşması baxımından sıxıntılar var.

Başqa bir məsələ sosial medianın klassik medianı üstələməsi ilə bağlıdır. Bu, bütün ölkələrin media məkanındakı əsas problemlər sırasındadır, yəni, qlobal məsələdir. Zamanla yeni media klassik mətbuatı öz təsirinə aldı. Artıq hansısa dövlət qurumunun, hansısa ixtiraçının və başqalarının öz işini göstərmək, cəmiyyətə çatdırmaq üçün klassik mətbuata ehtiyacı yoxdur. Çünki hərənin öz sosial media hesabı var. İş o yerə gəlib çıxıb ki, medianın onlara ehtiyacı yaranıb. Orası başqa məsələdir ki, yeni media çeviklik baxımından nə qədər irəlidə olsa da, ciddiyyət baxımından bir o qədər geridədir.

Bir neçə ay öncə 50-dən çox ölkənin jurnalistləri ilə dünya mediasının vəziyyətini Beynəlxalq Jurnalistlər Şurasında müzakirə edirdik. Toplantını mən idarə edirdim. Yalnız dillər fərqliydi, inanın ki, çıxış edənlərin əksəriyyəti eyni problemlərdən danışırdılar. Bunu dilə gətirməklə dünya mətbuatının ümumi mənzərəsi barədə təsəvvür yaratmağa çalışıram. Azərbaycan mediası da dünya mediasının tərkib hissəsidir. Ona görə də mətbuatımızın tam xoşbəxtliyindən danışa bilmərik. Bu gün ümumilikdə dünya mediası xoşbəxt deyil, klassik media - qəzetlər, televiziya kanalları qocalıb.

Durum belədir. Yeni jurnalistlər, onların yönəldilməsi, dünya mediası ilə ayaqlaşmaq baxımından axsadığımız xeyli məqamlar var.

Dünyanın hər bir ölkəsində dövlət mediaya dəstək verir. Bunu normal qarşılamaq lazımdır. Mediasız dövlət ola bilməz… Azərbaycanda da mediaya ciddi dəstək var. Buna görə ancaq təşəkkür etməliyik.

Torpaqlarımız işğaldan azad edildi, jurnalistlər bunu hərəsi öz bacarığı səviyyəsində, öz tərzində xalqa çatdırdı. Əla…

Amma məsələyə böyük mənada baxaq, Azərbaycan Prezidentinin dünya siyasətində çox böyük nüfuzu, yeri var. Ali Baş Komandanımız torpaqlarımızın işğaldan azad edilməsi yolunda inanılmaz mücadilə verdi. Dünya ilə üz-üzə gəldi, xalqın qürurunu özünə qaytardı, neçə yüz illiklərdən bəri canımıza hopmuş məğlubiyyət sindromunu sındırıb dağıtdı. Azərbaycan əsgəri Şuşanın qayalıqlarından Şuşaya daxil oldu, əlbəyaxa döyüşlə Şuşanı işğaldan azad etdi. Bu işin jurnalistikaya aidiyyatı odur ki, biz bu möhtəşəm tarixi hadisələri paylaşdıq, çalışdığımız media qurumları vasitəsilə yaydıq. Amma hansı azərbaycanlı jurnalist erməni jurnalistə yerini göstərdi? Ali Baş Komandanımız Ermənistan rəhbərliyini yendimi, yendi, erməni lobbisini darmadağın etdimi, etdi, Azərbaycan əsgəri erməni əsgərinə yerini göstərdimi, göstərdi. Demək istədiyim odur ki, 44 günlük Vətən savaşından sonra tam fərqli situasiya yaranıb və jurnalistlərimiz də o situasiyaya adekvat olmağa borcludurlar.

- Xeyli pessimist danışırsınız. Elə isə perspektivi olmayan bir işlə niyə məşğul olursunuz ki…

- Burada söhbət məndən getmir. Ümumi mənzərəni izah etməyə çalışdım. Özüm barədə onu deyə bilərəm ki, yaratdığım media qurumları kifayət qədər uğurludur. Siz sualı sərt qoydunuz, mən də məcburən eyni sərtliklə cavab verməli oldum. Modern.az Azərbaycanda yeganə media qurumudur ki, fəaliyyət göstərdiyi 15 il müddətində ona hazır xəbər verilməyib, zaman-zaman üzə çıxarılan media qurumları kimi dəstəyi olmayıb. Ancaq bu gün də Modern.az ön sıralardakı yerini qoruyub saxlayır. Bunu indi əksəriyyət etiraf edir.

Azərbaycanın "YouTube" məkanında ən sonuncu yaradılan kanallardan biri Media Türk TV-dir. Öz təsir dairəsinə, izlənmə sayına görə öncül yerlərdədir. Yaxud daha irəli gedək, 2004-cü ildə parlamentdə akkreditasiya olunan jurnalistlər Parlament Jurnalistlər Birliyi (PJB) yaratdılar və mən rəhbər seçildim. Mətbuat Şurası istisna olmaqla PJB-dən böyük jurnalist təşkilatı varmı?

Başqa media platformalarımız da var. Mənim rəhbəri olduğum media qurumlarının heç birində kimsəyə şər, böhtan atılmayıb, kimsənin şərəfinə, ləyaqətinə toxunulmayıb, jurnalist etik qaydalarına zərgər dəqiqliyi ilə əməl etmişik. Xarici ölkələrin jurnalistlərinə çıxış məsələsində də düşünürəm ki, Azərbaycanda alternativimiz yoxdur. Demirəm ki, qəhrəmanıq, amma əminliklə deyirəm ki, bizim fəaliyyətimizin ali məqsədi milli maraqlara, dövlətimizin maraqlarına xidmət etməkdir. Biz özümüzü səs-küylə deyil, işimizlə göstərmişik.

Modern.az məktəbindən keçən jurnalistlər Azərbaycanın bütün media qurumlarında ya çalışıb, ya da çalışırlar. Pessimist yanaşsaydım, ömrümü jurnalistikaya həsr etməzdim. Jurnalistika mənə zövq verir. Sizə onu da deyim ki, yeni media ilə bağlı yeni çağırışları da pis bilmirəm və hətta SMM-lərə təlim də keçə bilərəm.

- Siz Mətbuat Şurasında İdarə Heyətinin üzvü, komissiya rəhbərisiniz. Oradakı durumu necə qiymətləndirirsiniz?

- Mətbuat Şurası fərqli məkandır. Orada dünyagörüşü, bacarığı, sosiallığı fərqli olan adamlar cəmləşib. Açığı işlərin çoxluğundan Şuranın bütün toplantılarına qatılmaq imkanım olmur. Şəxsi qənaətim odur ki, orada hələ də bir çox məqamlarda dünyaya, hadisələrə məişət səviyyəsində yanaşma halları qalmaqdadır. Bu günə qədər görməmişəm ki, kimsə Mətbuat Şurasının səlahiyyətlərinin artırılması, ictimai nüfuzunun qaldırılması ilə bağlı təklif irəli sürsün, müzakirə açsın. İndi cəmiyyətdə belə bir yanlış fikir formalaşdırmağa çalışanlar var ki, guya təkliflərə yer yoxdur. Elə deyil, o təklifin arxasında fərdi yox, ümumi maraqlar olacaqsa, mütləq qəbul ediləcək. Mətbuat Şurası cəmiyyətimizi təmsil edir və biz də bu cəmiyyətin üzvləriyik.

- Qeyd etdiniz ki, Azərbaycanın bütün media qurumlarında “Modern məktəbi”ndən keçənlər ya çalışıb, ya da çalşır. Maraqlıdır, yeni jurnalist nəslinin hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz?

- Bizim ali təhsil müəssisələri təhsillə yanaşı, yeni-yeni praktiki işlərlə də məşğul olmağa başlayıblar. Bunu alqışlamaq lazımdır. Təsəvvür edin, bir neçə il öncə Tibb Universitetini bitirən şəxs meyit görəndə özündən gedirdi. Xaricdə isə tibbi oxuyanlara ilk aydan meyit üzərində əməliyyat aparmaq imkanı verilir. Doğrudur, jurnalistika tam fərqlidir, birinci kursdan işləyənlər var. Burada başqa sual yaranır: o gənclərin işlədikləri yerlər yeni dövrün media çağırışlarına necə cavab verirlər...

Mənim media siyasətim belədir: əməkdaşlarmızın əksəriyyətinın ilk iş yeri Modern.az olmalıdır. Düzdür, bu asan başa gəlmir, amma bunun alternativini görmürəm. Gənclərin hazırlığı məsələsinə gəlincə, müxtəliflikdir. Gəncləri düzgün istiqamətləndirmək lazımdır. Bildiyim odur ki, “Modern”dən gedib istənilən media qurumunda çalışanlar heç bir çətinlik çəkmirlər.

Əgər əvvəllər nəsillər arasında fərq 20-30 il civarında özünü büruzə verirdisə, indi bu fərqlilik, özünü az qala gün ərzində göstərir. Bilirsiniz, dünyanın istəyi 10 il əvvəlki deyil, heç bir ay əvvəlki də deyil. Gənclərlə bunları nəzərə alaraq davranmaq lazımdır. Gənclərimiz xarici dil bilmək baxımından bizim nəsillə müqayisədə daha öndədirlər. Savad baxımından da elədir. Məntiqi də yaxşı bilirlər. Mən gənclərdən çox razıyam. Onları doğru adamlar yönəltməldir.

- Bütün cavablarınızda sanki bəyənməzlik hiss olunur. O zaman belə bir sual verək: siz nəyi bəyənirsiniz?

- İstəyirsiniz, hər şeyin əla olduğunu deyim. Siz buna inanacaqsınız? Gerçəyi söyləmək bəyənməzlik kimi qəbul edilməməlidir. Ancaq sizin yanaşmanıza da hörmətlə yanaşıram. Söylədiyim fikirlərin hansı ilə razılaşmırsınızsa, buyurun, müzakirə edək. Hesab edirəm ki, bir müsahibədə toxunduğum məsələlərin hamısını tam izah etməyə imkan olmayacaq.

Mənim istəyim bilirsiniz nədir, mediamız dünya mediası ilə rəqabət edəcək gücdə olsun. Yeni, gənc nəsil jurnalistləri isə düzgün istiqamətləndirmək lazımdır. Anlayıram, narazılıq yaratmaq arzu olunan deyil. Amma bu işdə kiminsə küsməyi, inciməyinə görə yanaşma sərgiləmək də olmaz.

Yeni dövrün çağırışları başqadır. Azərbaycanın Ali Baş Komandanının sərkərdəliyilə torpaqlarımız işğaldan azad edilib. Diplomatiyamız dünyanın siyasi nəhəngi Fransa ilə vuruşur. Yenə də deyirəm, jurnalistikamız da buna adekvat olmalıdır. Baxın, ötən gün Şuşada II Beynəlxalq Media Forumu keçirildi. Dünya miqyasında nəhəng hadisə kimi dəyərləndirilir bu forum. Azərbaycan Prezidentinin çıxışı dünya jurnalistikası tərəfindən çox yüksək qiymətləndirilir. Mən Azərbaycanı təbrik edirəm, forumun təşkilatçılarına təşəkkür edirəm.

Amma gəlin gözləyək, orada iştirak edən neçə azərbaycanlı jurnalist xarici mediada bu barədə çıxış edəcək.

- Yəni ustad Həsəb bəy Zərdabiyə 149-cu illə bağlı hesabat məqbul qəbul edilməyəcək?

- Bəzən insanlarımız öz ölçülərinə görə hərəkət etmirlər. Həsən bəy Zərdabinin büstü qarşısına gedib hər şeyin yaxşı olduğunu söyləyə bilərik. Mənə görə, hədəfimiz xarici mediada çalışan azərbaycanlı jurnalistlərin sayının erməni jurnalistlərdən çox olması olmalıdır. Yaratdığımız xaricidilli mediada xarici auditoriyaya ünvanlanmış materaillar olmalıdır. Hədəfimiz dövlətçiliyi bilən gənc jurnalist nəslinin yetişdirilməsi olmalıdır. Buna indiki media kapitanları ilə nail olmaq mümkün deyil.

- Kimləri Azərbaycan jurnalistikasının yaxşıları hesab edirsiniz?

- Xeyli yaxşı jurnalistlərimiz var. Ancaq onların oxucu kütləsi bir az yaşlaşıb. Azərbaycandan kənarda yazı yazmaq, hansısa veriliş etmək maraq dairələrində deyil. Mənə görə, söz oynatmaq hələ yaxşı jurnalist olmaq deyil. Yaxşı jurnalist sözü ilə ətrafı, dünyanı oynatmalıdır.

- Sizin belə fəaliyyətiniz varmı, başqalarından gözlədiyinizi özünüz edirsinizmi?

- Əslində yerində verdiniz bu sualı. Mən də digərlərindən o qədər fərqlənmirəm. Amma xarici mediada yazılarım dərc edilir. Hətta Nensi Pelosi Ermənistana səfər edib Azərbaycana qarşı haqsız çıxışlar edəndə ona açıq məktub yazdım, bu, xarici mediada yer aldı. Ondan sonra ABŞ səfirliyi bizimlə media əlaqələrini kəsdi. Açıq şəkildə bizi Amerikaya qarşı işləməkdə süçladılar. İranla, Rusiya ilə də eyni məsafədəyik. Kimlər milli maraqlarımıza qarşıdırsa, biz də olanlara qarşıyıq. Belə hallar çox olub. Məncə həqiqi iş görən adamlar heç vaxt hay-küy salmırlar.

Heydər Əliyev Fondunun rəhbərliyi və dəstəyi ilə Srebrenitsa anaları ilə əlaqə qurduq, onları Azərbaycana ilk dəfə biz gətirdik, onları xocalılarla görüşdürdük, Xocalı soyqırımı ilə Srebrenitsa soyqırımını qardaşlaşdırdıq. Srebrenitsa anaları dünyanın ən böyük tribunalarından Xocalının tanıdılması istiqamətində işə başladılar.

Üç il keçəndən sonra kimlərsə o anaları yenidən Azərbaycana dəvət etdilər, təzədən tanışlıq başladı, onlara tapşırdılar ki, Elşad Eyvazlı ilə görüşməyin. Analar bunu mənə çatdırdılar. Bunun üzərindən xeyli müddət keçib deyə söyləyirəm. Belə zehniyyət olarmı? Bu iş milli işdir...

Yaxud başqa bir misal, xaricdən jurnalistləri mənim vasitəmlə Bakıya gətirdik, sonra həmin jurnalistlərlə görüşümü əngəlləməyə çalışanlar oldu. Təşəkkür edirəm ki, rəhbərlik bu məsələni həll etdi. Səbəb nəydi, qısqanclıq. Amma niyə? Əminəm ki, bu kimi insanlıqdan kənar iş görənlər sorğuya çəkiləcəklər. Düzünü deyim, belə məsələlər məni heç narahat etmir, dövlətimə xidmət edirəm, gücümü, imkanımı bu yolda xərcləyirəm və bundan çox məmnunam. Təsadüfi adamlar, iş bacarmayıb ona-buna çamur, şər-böhtan atan adamlar öz əməllərinin qurbanı olacaqlar. Geci-tezi var.