Ceyhun Bayramov gənc diplomatlarla görüşdü - FOTO

 15:40 25.07.2024     382

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov diplomatik xidmətə qəbul ilə bağlı keçirilmiş sayca ikinci müsabiqə prosesi nəticəsində Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlamış gənc diplomatlar ilə görüşüb.

XİN-dən Redaktor.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov çoxmərhələli müsabiqə prosesini uğurla tamamlayaraq, diplomatik xidmət orqanlarında işə başlayan gənc diplomatları ürəkdən təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Diplomatik fəaliyyətlərinə dövlət başçısı tərəfindən müəyyən olunan xarici siyasətin icrasına məsul olan Xarici İşlər Nazirliyində başlayacaq gənclərə, bu məsuliyyətli fəaliyyətdə malik olduqları akademik, praktiki bilik və bacarıqları tətbiq etmək istiqamətində müvafiq tövsiyələr verilib.

Ölkəmizin diplomatiya tarixi, xarici siyasətimizin əsasları, prioritetləri barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hazırkı müstəqil, suveren və ambisiyalı xarici siyasət kursumuzun əsasında müstəqillik dövrümüzün mürəkkəb şəraitində Ulu Öndər Heydər Əliyev tərəfindən verilmiş çətin qərarların durduğunu vurğulayıb.

Müstəqilliyimizin ilk illərində üzləşdiyimiz hərbi işğal və münaqişə çağırışlarının aradan qalxması ilə Azərbaycanın beynəlxalq münasibətlər sistemində regional və qlobal təhdidlərlə mübarizədə təşəbbüs sahibi, habelə bu təşəbbüsləri həyata keçirmək iqtidarında olan bir ölkə kimi çıxış etdiyi bildirilib. Post-sovet ölkələri arasında ilklərdən biri olaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizin, Qoşulmama Hərəkatında nümunəvi sədrliyimizin, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimizin uğurla həyata keçirilməsinin bunun əyani sübutu olduğu diqqətə çatdırılıb.

Ölkəmiz tərəfindən aparılan fəal xarici siyasət kursunun uğurlu icrası istiqamətində diplomatlarımızın daim öz bilik və bacarıqlarının artırılması üzərində çalışmalı olduqları bildirilib, bu istiqamətdə Xarici İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək bir sıra proqramlar vasitəsilə prosesin dəstəklənəcəyi qeyd olunub.

Qeyd edək ki, yazılı imtahan (test tapşırıqları, analitik yazı bacarıqları və xarici dil biliklərinin yoxlanılması hissələri) və müsahibə mərhələlərindən ibarət işə qəbul müsabiqəsinin nəticələrinə əsasən, ümumilikdə 57 namizəd (29 qadın və 28 kişi) müsahibə mərhələsini müvəffəqiyyətlə başa vurub. Həmin namizədlərdən 35 nəfər artıq Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb, yaxın müddət ərzində isə bu istiqamətdə digər təyinatların edilməsi nəzərdə tutulur.

 

Ceyhun Bayramov əmək fəaliyyətinə yeni başlayan gənc diplomatlar ilə görüşübCeyhun Bayramov əmək fəaliyyətinə yeni başlayan gənc diplomatlar ilə görüşübCeyhun Bayramov əmək fəaliyyətinə yeni başlayan gənc diplomatlar ilə görüşüb