Rusiya Ermənistana güc tətbiq edəcək? - Gərginlik artır

 23:42 26.07.2024     578

Ermənistan Rusiyanın vəziyyətindən istifadə edərək Qərblə yaxınlaşmağa çalışır.

Bu sözləri politoloq İlyas Hüseynov Redaktor.az-a Rusiya-Ermənistan münasibətlərini şərh edərkən dedi. Onun sözlərinə görə, Rusiya Ermənistana qarşı hələ ki, təmkinli davranır:

"Ermənistan Rusiya-Ukrayna müharibəsini, eləcə də Rusiyaya qarşı tətbiq olunan sanksiyaları nəzərə alaraq, bu sanksiyaları yarmaq məqsədilə öz gəlirlərini artırır. Re-eksport əməliyyatlarında iştirak edir, xüsusilə qiymətli daşların və metalların xaricə çatdırılmasında vasitəçi kimi iştirak edir. Burada milyardlarla vəsait əldə edir. Eyni zamanda Rusiya əleyhinə fikirlər genişlənir. Rusofob ekspertlər geniş çıxışlar edirlər, auditoriyanı özünə cəlb edirlər. Hətta Qərblə Ermənistan arasında yaxınlaşma baş verir. Bütün bunlara baxmayaraq, Rusiya təmkinli və səbrli davranır. Rusiya 102-ci hərbi bazasını Ermənistan ərazisində saxlayır. Ermənistanın Türkiyə və İranla sərhədlərini rus sərhədçiləri qoruyurlar".

Bəs görəsən Ermənistan Rusiyanı daha da qıcıqlandırdığı təqdirdə onu nələr gözləyir? 

İ.Hüseynovun sözlərinə görə, Avropa İttifaqının Ermənistan ərazisinə gəlməsi, ABŞ, Avropa İttifaqı və Ermənistan arasında görüşün baş tutmasından sonra Qərblə Ermənistan arasında genişmiqyaslı proseslər davam etdi.

"ABŞ dövlət katibinin köməkçiləri Ermənistana səfər etdi. USAİD-in rəhbəri Samanta Pauer Ermənistana gəldi, eyni zamanda Avropa Sülh Fondu Ermənistana 10 milyon vəsait ayırır. Bütün bunlar regionda gərginliyin artırılmasına xidmət edir. Ermənistan və Rusiya arasında münasibətlər getdikcə çətinləşir. "Belə olan halda Rusiya Ermənistana qarşı hər hansısa güc tətbiq edərmi sualı" bu gün geniş müzakirə olunmaqdadır. Amma Rusiya Ukrayna müharibəsi fonunda Ermənistanı itirmək istəməyəcək. Baxmayaraq ki, Rusiya Ermənistanı hədələyir, müxtəlif mesajlar verilir. Ermənistana qarşı Rusiya tərəfindən hazırda güc tətbiq edilməsi müzakirə olunmur", - deyə politoloq qeyd etdi.

Xatırladaq ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanı hədələyərək bu ölkənin Ukraynanın vaxtilə seçdiyi yolu seçməyəcəklərinə ümid etdiklərini bildirib.

Türkan İSGƏNDƏRLİ