Velozolaqlarda cərimələrə BAŞLANILIB?

 15:57 07.08.2024     340

Son zamanlar Bakıda velosiped zolaqlarının artırılması istiqamətində ciddi işlər görülüb və hələ də davam edir. Yolların genişləndirilməsi və velozolaqların əlavə edilməsindən sonra ekoloji cəhətdən məqsədəuyğun hesab edilən bu nəqliyyat vasitələrindən istifadə edənlərin də sayı, demək olar ki, çoxalıb. Bu yaxınlarda isə sosial şəbəkələrdə velozolaqlardan istifadə edən yol hərəkəti iştirakçılarına bəzi hallarda cərimə yazıla biləcəyi müzakirə mövzusuna çevrilib. Bəs velozolaqlarda cərimələr hansı hallarda tətbiq edilir?

Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Redaktor.az-a açıqlamasında bildirdi ki, inzibati cəhətdən velosiped zolaqlarına daxil olan nəqliyyat vasitələrinin cərimələnməsi başlanılmayıb, ancaq bununla bağlı müəyyən tədbirlər görülür.

"Hərçənd bununla bağlı Milli Məclisdə təkliflər var, aidiyyəti qurumlar tərəfindən Nazirlər Kabinetinə də müəyyən təkliflər göndərilib. Amma velosiped zolaqlarının qorunması ilə bağlı asfaltın üzərində baryerlər quraşdırılır. Bu addım istənilən nəqliyyat vasitəsinin oranı zəbt etməsinin qarşısını almaq, velozolaqlarda hərəkət edəcək şəxslərin təhlükəsizliyini təmin etməkdən ötrü atılıb", - deyə o qeyd etdi.

Sevinc İBRAHİMZADƏ