Xəzərin səviyyəsinin dəyişməsi ətraf mühitə, təsərrüfat sahələrinə təsir edir

 20:12 12.08.2024     255

Xəzər dənizinin qapalı su hövzəsi olması onun səviyyəsində periodik tərəddüdlərə səbəb olur.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, səviyyə tərəddüdü Xəzər dənizinin su balansı elementləri, yəni, onu qidalandıran çaylar, düşən yağıntının miqdarı, buxarlanma səviyyəsi, digər tərəfdən dəniz dibində baş verən tektonik hərəkətlər ilə əlaqəlidir. Eyni zamanda, fəsillərlə bağlı olaraq səviyyə il ərzində dəyişə bilər.

“Xəzər dənizinin səviyyə tərəddüdünün müşahidələri qədimdən aparılsa da, ilkin olaraq ölçü cihazı ilə sistemli müşahidə işləri 1837-ci ildən E.A.Lents tərəfindən Bakı şəhəri ətrafı dəniz sahəsindən həyata keçirilməyə başlanılıb. Bu sistemli müşahidələrin əsasında belə bir nəticəyə gəlmək olar ki, 1837-ci ildən XX əsrin 30-cu illərinədək Xəzərin səviyyəsində kəskin tərəddüdlər müşahidə edilməyib. 1882-ci ildə dənizin maksimal səviyyəsi Baltik sistemi ilə 25,2 metr qeydə alınıb. Lakin 2011-ci ildən başlayaraq yenidən kəskin enmə prosesləri müşahidə edilib ki, bu proses də hazırkı dövrə qədər davam edir”, - deyə o diqqətə çatdırıb.

N.Mahmudov qeyd edib ki, səviyyə tərəddüdü, eyni zamanda, qlobal iqlim dəyişmələri ilə bağlı olduğundan bütün Xəzəryanı ölkələr tərəfindən bu prosesin öyrənilməsi, gələcək iqlim ssenarilərin seçilməsi və uyğunlaşma tədbirlərinin işlənilməsi vacibdir.

“Eyni zamanda, atmosferə atılan istilik effekti yaradan qazların azaldılması üzrə qlobal səylər göstərilməlidir. Xəzər dənizinin səviyyəsinin dəyişməsi ətraf mühitə, təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edir. Buna görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə xüsusi diqqət yetirir”, - deyə xidmət rəisi vurğulayıb.

Onun sözlərinə görə, Milli Hidrometeorologiya Xidmətinin hidrometeoroloji müşahidə məntəqələrində dəniz səviyyəsi üzərində müntəzəm müşahidələr aparılaraq səviyyənin düşməsi tendensiyası nəzarətdə saxlanılır, müvafiq maraqlı tərəflər, xüsusilə fəaliyyətləri dənizlə bağlı olan qurumlar məlumatlandırılır ki, işlərində və gələcək fəaliyyətlərini planlaşdıranda bu məqamları nəzərə alsınlar.

Xidmət rəisi diqqətə çatdırıb ki, bu sahədə regional və beynəlxalq əməkdaşlığa da xüsusi önəm verilir.