Azərbaycanın yanğınsöndürmə təyyarəsi Türkiyənin hava limanına enəcək
Azərbaycanın göndərdiyi yanğınsöndürmə təyyarəsi saat 23.00-da Adnan Menderes hava limanına enəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib.
Nazir qeyd edib ki, gün ərzində daha 3 meşə yanğını baş verib. Hazırda 8 yanğının söndürülməsi davam edir, onlardan 4-ü artıq lokallaşdırılıb.
"Güclü küləyə baxmayaraq, yanğınla mübarizə 3 gündür davam edir. İzmirin Yamanlar rayonunda 3 təyyarə və 15 helikopter meşə yanğınlarının söndürülməsi ilə məşğuldur”, - nazir deyib.
İzmir şəhərinin Menderes rayonunda baş verən yanğının enerji ötürücü xəttindən qaynaqlandığı müəyyən edilib.
“Qapalı ərazilərin kənarında od yandırmaq olmaz”, - nazir xəbərdarlıq edib.