Şəhidlərin xatirəsinə növbəti Quran ziyafəti təşkil olundu - FOTO

 20:28 19.08.2024     230

Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığıyla Bakı şəhəri Şəhidlər məscidində bütün şəhidlərimizin əziz xatirəsinə həsr olunan, artıq ənənəvi olaraq təşkil edilən Qurani-Kərim ziyafəti keçirilib.

Redaktor.az əbər verir ki, şəhid ailələri, şəhid yaxınları və qazilərimizin də iştirak etdiyi tədbiri giriş sözü ilə Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık açıq elan edib. O, Şəhidlər Məscidinin Şəhidlər Xiyabanının qonşuluğunda yerləşdiyini qeyd edərək bu kimi tədbirin şəhidlərimizə vəfa borcu olduğunu, şəhidlərimizin bizim baş tacımız olduğunu vurğulayıb. Onları heç vaxt unutmayacağımızı və unutdurmayacağımızı bildirdi və onlara hədiyyələrin ən gözəli olan Qurani-Kərim hədiyyə etmək üçün bu tədbiri təşkil etdiklərini, bir ay içərisində şəhidlərimiz üçün 150 xətm oxunduğunu bildirib. İhsan Açıq Qafqaz İslam Ordusu şəhidlərini, Qarabağ şəhidlərini, Xocalı şəhidlərini, 20 yanvar şəhidlərini, 44 günlük Vətən Müharibəsi şəhidlərini, ümumilikdə vətənimizin azadlığı uğrunda canlarını fəda edən bütün şəhidlərimizi rəhmət və ehtiramla yad edib. Həmçinin bu yolda sağlamlığını itirən qəhrəman qazilərimizi də hörmət və ehtiramla yad edərək onlara Allahdan şəfa dilədi. Sonra isə tədbirdə iştirak etmək üçün qardaş Türkiyədən gələn qonaqları tədbir iştirakçılarına təqdim edib.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə qardaş Türkiyədən gələn qonaqlara və tədbir təşkilatçılarına təşəkkürünü bildirdi. Bütün şəhidlərə Allahdan rəhmət dilədi, şəhid ailələrinə və qazilərə dövlətimizin qayğı və diqqətindən danışıb.

Qafqaz Müsəlmanları İdarəsi Səbail rayonu üzrə bölgə Qazısı, Şəhidlər məscidinin imamı Mirzahid Qənbərov tədbir iştirakçılarına və qardaş Türkiyədən gələn qonaqlara öz təşəkkürünü bildirdi. Artıq ənənəvi olaraq təşkil edilən xətm proqramının gələcəkdə də davam etməsini təmənni edib. Bütün şəhid ailələrinə Allahdan səbir dilədi və qazilərə can sağlığı arzulayıb.

Çıxışlardan sonra Türkiyədən gələn qonaqlar – Üsküdar Albayrak məscidi imamı Yunus Emre Aygün, Cənnət məscidi imamı Yasin Çınar, Rumi Mehmet Paşa məscidi imamı Erdem Aydın, Şeyx Mustafa Devati məscidi imamı Huzeyfe Akdeniz, Karadavut Paşa məscidi imamları Emrullah Çalışkan və Binali Murtuzaoğlu öz gözəl Qurani-Kərim qiraətləri ilə Qurani-Kərim ziyafətinə töhfələrini veriblər. Bütün qiraətlərdən sonra oxunan ayələrin məscid imamları tərəfindən Azərbaycan dilində məali tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 

Tədbirin sonunda qarilər tərəfindən sala və ilahilər oxunub.

Cənnət məscidi imamı Yasin Çınar bütün şəhidlərimizin əziz ruhlarına oxunan xətmlərin duasını etdi və oxunan xətmləri şəhidlərimizin əziz ruhlarına bağışlayıb.

Sonda tədbir iştirakçılarına şəhidlərimiz adına ehsan süfrəsi açıldı və ehsanlar verilib.