“Azərişıq” Gədəbəyin elektrik şəbəkəsini yeniləyir - VİDEO
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC regionlarda yenidənqurma işlərini davam etdirir. İnvestisiya layihəsi çərçivəsində Gədəbəyin də elektrik şəbəkəsi yenilənir.
"Azərişıq"dan Redaktor.az-a verilən məlumata görə, ötən əsrin 60-70-ci illərindən qalma köhnə elektrik xətləri tamamilə müasir standartlara uyğun şəkildə yeniləri ilə əvəzlənir.
Gədəbəyin 350 abonenti olan Xar-xar kəndində sakinlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmini üçün işlər davam edir. Kənddə 0.4 kV-luq yeni kabel xətləri çəkilib və dayaqlar basdırılıb. Müasir standartlara cavab verən yeni tipli sayğac qutuları quraşdırılıb və sayğaclara giriş naqilləri çəkilib. Əlavə 250 kVA-lıq transformator quraşdırılıb.
Rayonunun Arısu kəndində yenidənqurma işləri yekunlaşıb. Kənddə sakinlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün 0.4 kV-luq özünüdaşıyan izoliyasiyalı kabel xətləri çəkilib, dayaqlar basdırılıb.
Arıqıran və Zəhmət kəndlərində isə elektrik təsərrüfatının yenilənməsi işləri hələ də davam etdirilir. Yeni elektrik xətlərinin keçdiyi ərazilərdə dayaqlar basdırılır.
“Azərişıq” ASC İnvestisiya Proqramına uyğun olaraq paralel şəkildə bütün regionlarda yenidənqurma və əsaslı təmir işlərini davam etdirir. Bölgələrdə elektrik təsərrüfatının yenilənməsi abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunması və elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənir.