"İranın İraqda maraqlı olduğu hərbi baza var"- AÇIQLAMA

 15:47 28.08.2024     287

Xəbər verildiyi kimi, Məsud Pezeşkian İran Prezidenti kimi İraqın Baş naziri Məhəmməd əs-Sudaninin rəsmi dəvəti ilə ilk səfərini İraqa edəcək. Bir vaxtlar müharibə edən iki dövlətin rəsmiləri hansı mövzulara müzakirə aparacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, Məsud Pezeşkianın ilk rəsmi səfərini İraqa etməsi, onun dini siyasi ideologiyasından irəli gəlir.

"İranın təriqəti islam dini, şiəliyin cəfəri məzhəbidir. Şiələrin birinci imamı İmam Əlinin məzarı İraqın Nəcəf, Kərbəla vaqiəsinin şəhidi İmam Hüseynin məzarı da İraqda Kərbəla şəhərindədir. Bu baxımdan Pezeşkianın İraqa rəsmi səfər etməsi təbii sayıla bilər. İkinci bir tərəfdən İranla İraq arasında müzakirə olunacaq çoxsaylı məsələlər var. Ən başlıcası PKK-nın törəmələrinin İraq ərazisində fəaliyyət göstərib İrana zaman-zaman hücum etməsidir. İran hakimiyyəti ötən il bu məsələ ilə bağlı rəsmi Bağdad və İraqın şimalındakı yerli hökümətə xəbərdarlıq etmişdi ki, həmin PİJAK, "Komilə", İran Kürdüstan Demokrat Partiyası silahlı qüvvələri İran ərazisində pozuculuq fəaliyyəti törədərsə, İran İraq ərazisini vuracaq. Buna görə də səfər vaxtı PKK-nın fəaliyyət göstərməsi məsələsi müzakirə edilə bilər".

Politoloq vurğuladı ki, İraqda İranın maraqlı olduğu baza var.

"İraq hökuməti PKK-nı qadağan edib və bu, İraqda qadağan olunmuş təşkilatlardan sayılır. Onun haqqında danışmaq, rəsmi məlumatlar yaymaq və hökumət rəsmilərinə bu məsələ ilə bağlı PKK-nı dəstəkləyəcək məsələlərlə bağlı açıqlamalar vermək qadağandır. Bundan başqa, İranla İraq arasında 1989-cu ildə atəşkəsə dair sənəd imzalanıb. İndiyə qədər tərəflər arasında sülh müqaviləsi imzalanıb. Dövlətlər arasında energetika sahəsində, iqtisadi, ticarət əlaqəsi var, habelə İraqda İranın formalaşdırdığı çox böyük hərbi birləşmə - "Həşti Şəbi" fəaliyyət göstərir. İraq ərazisində ABŞ bazası var. Bu məsələlər də İran üçün maraqlıdır. Yəni İranla İraq arasında müzakirə olunacaq məsələlər var. Eləcə də perspektivdə Suriyadakı vəziyyət, Fələstində, xüsusən Qəzza sektorundakı hadisələr, regional məsələlər də müzakirə oluna bilər". 

Qeyd edək ki, Pezeşkianın İraqa səfəri zamanı İranın keçmiş prezidenti İbrahim Rəisinin dövründə razılıq əldə edilmiş bəzi sazişlərin imzalanması gözlənilir.

Türkan İSGƏNDƏRLİ