Rusiya mətbuatı Azərbaycandakı seçkilərdən yazır

 23:50 01.09.2024     295

Azərbaycanda keçirilən Milli Məclisə seçkilər dünya mətbuatının, o cümlədən Rusiya mediasının diqqət mərkəzindədir.

Redaktor.az "Azərtac"a istinadən xəbər verir ki, materiallarda bugünkü parlament seçkilərinin Azərbaycan tarixində xüsusi yer tutduğu, ölkənin müstəqillik tarixində ilk dəfə bütün suveren ərazində keçirildiyi və xalqının birliyini ifadə etdiyi açıqlanır.

Rusiyalı müşahidəçilərdən biri, Rusiya Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsi sədrinin birinci müavini İlyas Umaxanov “Vestnik Kavkaza” agentliyinə müsahibəsində bugünkü seçkilərin Azərbaycan üçün əhəmiyyətindən danışaraq səsvermənin ölkəmizin bütöv suveren ərazisində keçirildiyini qeyd edib. O, azərbaycanlıların öz doğma torpaqlarına qayıtdıqlarını vurğulayaraq deyib: “Bu baxımdan biz bu gün Ümummilli Lider Heydər Əliyevin oğlu, Prezident İlham Əliyevə vəsiyyətinin yerinə yetirildiyinin şahidiyik”. O, Rusiyanın Azərbaycanın siyasətini tam dəstəklədiyini, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərinin iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

Agentliyin digər həmsöhbəti, MDB PA-nın Baş katibi Dmitri Kobitski parlament seçkilərinin monitorinqinin ilkin nəticələri ilə bağlı fikirlərini bölüşərək qeyd edib ki, müşahidəçilərdən heç biri səsvermənin təşkilinə dair hər hansı nöqsan qeydə almayıb. Onun sözlərinə görə, seçki məntəqələri və məntəqə seçki komissiyaları yaxşı hazırlanıb, yerli müşahidəçilərdən də heç bir şikayət daxil olmayıb.

“News.ru” nəşri Rusiya-Belarus Parlament İttifaqının nümayəndə heyətinin üzvü Nataliya Kosixinanın rəyini oxuculara təqdim edib. O bildirib ki, seçkilər demokratik normalara və prosedurlara uyğun keçirilib. Səsvermənin gedişinə təsir göstərə biləcək qanun pozuntusu qeydə alınmayıb. “Seçkilər ədalətli, açıq və əlçatan keçib”, - deyə Nataliya Kosixina bildirib.

Şuşadakı seçki məntəqəsində müşahidəçi qismində iştirak edən Britaniya Lordlar Palatasının üzvü Kurban Hosseyn də nəşrə müsahibəsində parlament seçkilərinin nöqsansız keçdiyini deyib.

“Mir” Dövlətlərarası teleşirkətinin reportajında qeyd olunub ki, səsvermə prosesini 600-ə yaxın beynəlxalq müşahidəçi izləyib. MDB Parlamentlərarası Assambleyası beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin seçki məntəqələrində əyani materialların olduğunu, məntəqə seçki komissiyasına öz müşahidəçilərini ayırmış siyasi təşkilatların da səsvermənin gedişini izlədiyini müsbət hal kimi qiymətləndirib.

“Belarus seqodnya” nəşri MDB müşahidəçilər missiyasının rəhbəri Leonid Anfimovun rəyini öyrənib. L.Anfimov seçicilərin səsverməyə məsuliyyətlə yanaşdıqlarını, səs verəcəkləri namizədi yaxşı tanıdıqlarını diqqətə çatdıraraq bunun seçki prosesinin düzgün aparılmasının nəticəsi olduğunu deyib.

TASS agentliyi parlament seçkilərinin gedişini ətraflı işıqlandırıb. MDB müşahidəçilər missiyasının üzvlərinin rəyləri yer alan materialda bildirilir ki, səsvermə məntəqələri texniki cəhətdən mükəmməl təchiz olunub, Azərbaycan Mərkəzi Seçki Komissiyası, digər dövlət qurumları müşahidəçilər missiyası ilə əməkdaşlıq ediblər.

“Rossiyskaya qazeta” nəşri xatırladır ki, bu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra keçirilən ikinci seçkilərdir. Azərbaycanda Prezident seçkilərinin fevral ayında reallaşdığı qeyd olunun materialda Milli Məclisdə deputatlığa 990 namizədin mübarizə apardığı diqqətə çatdırılır.

“İnterfaks” agentliyi “Exit-poll”un nəticələrini yayımlayıb. Agentlik ilkin hesablamalara əsasən 7-ci çağırış Milli Məclisə seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədlərinin çoxluq təşkil edəcəyini qeyd edib.

222222