PA-nın sektor müdiri veteranlarla görüşdü

 21:35 10.09.2024     248

Sentyabrın 9-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri ilə görüşüb.

Bu barədə Redaktor.az-a Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Rəyasət Heyətinin üzvləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinə göstərilən daimi diqqət və qayğıya görə təşəkkür edib, bunun bariz nümunəsi kimi təşkilatın rəhbəri Fatma Səttarovanın yüksək dövlət təltifi olan “İstiqlal” ordeni ilə mükafatlandırılmasını məmnunluqla xatırlayıblar.

Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi üçün əlavə imkanlar müzakirə edilib, təkliflər dinlənilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndəsi müvafiq qeydlər götürüb.