Rusiya səfirliyi Fatma Səttarovanın vəfatı ilə əlaqədar başsağlığı verdi

 13:43 14.09.2024     273

Rusiyanın Azərbaycandakı səfirliyi ictimai xadim, 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın vəfatı ilə əlaqədar başsağlığı verib.

Redaktor.az xəbər verir ki, səfirliyin sosial şəbəkə hesabında bununla bağlı paylaşım edilib.

“Həyatı əzmkarlıq və Vətənə sədaqət nümunəsinə çevrilmiş Fatma Hüseyn qızı Səttarovanın vəfatı xəbərini təəssüflə aldıq. O, Böyük Vətən müharibəsi illərində tibb bacısı kimi xidmət edərək Moskva, Leninqrad və Stalinqrad yaxınlığında gedən qanlı döyüşlərdə minlərlə insanın həyatını xilas edib. Sovet ordusu ilə birlikdə Macarıstana qədər gedib çıxıb. Müharibədən sonra o, Vətənin rifahı naminə yaradıcı əməklə məşğul olub”, - paylaşımda bildirilib.

Diplomatik missiyada qeyd ediblər ki, Fatma Səttarova Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri kimi Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə böyük töhfə verib.

“Fatma Hüseynovanın xatirəsi qəlbimizdə əbədi qalacaq”, - səfirlikdən bildirilib.

Xatırladaq ki, Fatma Səttarova bu gün 102 yaşında vəfat edib.