"Məzarında ona bir sual verdim ki..." - Oğlunun toyuna hazırlaşan şəhid anası - VİDEO

 14:31 19.09.2024     420

Şəhid anasının oğlunun dəfnində gözündən bir damcı yaş axmadan məğrur şəkildə "Mənim balam şərəfli öldü, mən onunla fəxr edirəm, 100 oğlum olsa, 100-nü də Vətən üçün qurban verərəm” dediyini xatırlayıram.

Bu sözlər bir il əvvəl sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partladılması ilə törədilən terror aktı nəticəsində şəhid olan polis Seymur Mahmudovun anası Gülnarə Mahmudovanın dilindən idi.

İndi isə bir ildən sonra söhbətimizə belə başlayırıq: "Qarabağı igid oğullarla bərabər, həm də o igidləri yetişdirən analar geri qaytardı”.

Şuşada çəkilən foto

Seymurun anası danışır ki, oğlu torpaqlarımız işğaldan azad olunanda çox sevinibmiş, o yerləri görmək isə ən böyük arzusu imiş:

"Seymurgil torpaqlar azad olunduqdan sonra mütəmadi olaraq Qarabağa gedib gəlirdilər. Bir dəfə qışda Şuşada çəkdirdiyi şəkili gətirib mənə göstərmişdi ki, ana bax, Şuşanın qarlı, dumanlı dağlarını sən də gör. Şəkili görəndə demişdim ki, necə belə məğrur qürurla dayanmısan. Heç vaxt bilməzdim ki, mənim də oğlum şəhid olar və Şuşada qürurla çəkdirdiyi həmin şəkil onun başdaşına vurular. Ağlıma gəlməzdi ki, bir gün mən də şəhid anaları sırasına qoşularam. Amma bu oğlumun alın yazısı idi. Onun da qismətində şəhid olmaq var imiş. Çünki o bunu istəyirdi. 2023-cü ilin avqustunda televizorda şəhid xəbərləri verilirdi. Seymur da evdə idi. Xəbərləri izləyə-izləyə dedim ki, müharibə bitdi, amma hələ də şəhid xəbəri verilir, görəsən, son nöqtə nə zaman qoyulacaq? Onda Seymur güzgüdə saçını düzəldirdi, elə ordan boylanıb dedi ki, mən şəhid olacam, son nöqtəni biz qoyacağıq! Oğlum sözünü tutdu”.

Elə yorulmuşdum ki, meşədə bir həftə tək qalmaq istəyirdim

G.Mahmudova deyir ki, oğlunun şəhid olacağını hiss edibmiş:

"Seymur şəhid olmamışdan bir ay əvvəl çox narahat idim. Məni kim görürdüsə soruşurdu ki, sənə nə olub? Deyirdim ki, çox yorulmuşam. Deyirdilər get haradasa bacıların, ya qohumlarınla birlikdə rayonların birində dincəl. Amma istəmirdim. İstədiyim tək o idi ki, meşə olsun, orada bir həftə tək qalım”.

İlahi, görəsən, bu gün kimin evinə od düşdü?!

"Seymur şəhid olan gün axşam xəbərlərdə deyildi ki, 3 nəfər polisimiz şəhid olub. Dedim, İlahi, görəsən, bu gecə kimin evinə alov düşdü? Sən demə oğlum Seymur şəhid olubmuş".

Açılmayan səhər

"Səhər 11-ə qalırdı. Aşağıdan kimsə dedi ki, həyətdə və yolda xeyli polis var. Seymurun atası Elsəvəri axtarırlar. Dedim həə...Seymur öldü?!

Seymuru evdən yola salanda bildirdim ki, geri qayıtmayacaq, çünki hiss edirdim. Oğlum gedəndə mənə elə baxmışdı ki, sanki mənimlə vidalaşırdı. Ağladım, qaynımın gəlini dedi ki, bibi, sənə nə oldu? Dedim ki, Seymur getdi. Dedi, ay bibi, Seymur həmişə gedir də, gedib qayıdacaq. Dedim yox, Seymur qayıtmayacaq. Qayıtmadı. Oğlum birdəfəlik getdi... Amma mən oğlumun toyuna hazırlaşırdım. Xalasına dedim ki, Seymurdan soruşun, əgər sevdiyi varsa elçi gedək, yoxdursa mənim gözaltı etdiyim qız var. Seymur xalasına deyib ki, sevdiyim yoxdur, amma gözləyin gedim gəlim danışarıq, hələ heç nə deyə bilmərəm".

Gülnarə Mahmudova

Başdaşı "ağlayan" şəhid

Anası deyir ki, oğluna məzarı başında bir sual verib: "Biz hər gün oğlumun məzarına gedirik. Qış ayları idi, hava da çiskinli. Oğlumu ziyarətə getmişdik. Orada bir söz işlətdim. Dedim, oğlum axı mən sənin üçün çox darıxıram, sən mənim üçün darıxmırsan? İnanın mənə həmin an oğlumun başdaşındakı şəklinin sağ gözündən bir damcı gözyaşı düşdü. Donub qaldım. Başa düşdüm ki, oğlum da bizim üçün darıxır...".

Artıq bir ildir ki, Seymurun ailəsi üçün zaman dayanıb. Onların evində vaxt dayansa da Azərbaycan polisinin və müzəffər ordusunun yazdığı şanlı tarix hələ çox uzun zaman qürurla danışılacaq, bu zəfər isə tarixin yaddaşında əbədi qalacaq.

Xatırladaq ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Lokal xarakterli antiterror tədbirlərinə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə başlanılmışdı.