Nəsiman Yaqublu dost gözü ilə

 12:14 20.09.2024     573

Əzizinəm, a balam, uludur.

Axar sular qurudu.

Dərdlilər dərdimi bilsə,

Öz dərdini unudur.

Adamın iliyinə işləyən, qəlbini param-parça edən bu naləni neçə yol dinlədiyimizi deyə bilmərəm. Ancaq hər dəfəsində, həm öz acılarımızı, həm də xalqımızın qaysaq bağlamayan yaralarını düşünəndə içimiz gizildəmişdi. Ermənilər torpaqlarımızı işğal edib qətliamlar törədəndə, qədim yurdlarımızı talayıb ocaqlarımızı söndürəndə, bizə daha neçə faciələr yaşadanda eyni dərdlə qovrulmuşduq. Dostumuz Yaşarı, Qasımı, Ədaləti, Tofiqi itirəndə də belə olmuşdu, o sözlərin dərd yükü qətrə-qətrə ürəyimizə dolub dünyanı başımıza dar etmişdi. Sən demə, eyni ağrını bu dəfə onsuz, onun itkisindən qovrularaq yaşamaq qisməti də varmış.

Son mənzilə yola salınıb bu dünya ilə bağını kəsən axırıncı daş lövhə məzarı üzərinə qoyulanda da yoxluğuna inanmırdım. Elə bilirdim, indicə qızmar yay gününün belə isitmədiyi torpaqdan baş qaldırıb, “əl saxlayın, mən sağam”, deyəcək. Ancaq məzarın ağır sükutu pozulmadı. Günəş şüasının sonuncu işartısı da məzarda itəndə və dəfnə gələnlər axundun “Allah rəhmət eləsin” nidasını təkrarlayanda dostumuzu itirdiyimizə inandım. İlk dəfə idi ki, onu belə çarəsiz, faciəli taleyi ilə barışan görürdüm. Artıq o nurlu çöhrə gözümüzü güldürə, yumşaq, ancaq qətiyyətli səs, maraqlı, canlı söhbətləri ilə ruhumuzu oxşaya bilməyəcək. Qara torpaq uddu, ölüm, qan hərisi qara yer gizlədi. Arayıb-axtarmaqdan, yazıb-yaratmaqdan doymayan, Azərbaycanın dəyərli ziyalısı professor Nəsiman Yaqublu da fani dünyanın neçə min illik əbədiyyət yoluna üz tutdu. “Təkcə bizdən deyil, Azərbaycandan getdi” təsəllisi ilə ovunsaq da, bu vaxtsız itkinin ağrısı son anımıza qədər bizimlə qalacaq. “Bir dostumuz vardı” dərdini hər dəfə təzədən, əzabla yaşamalı olacağıq və onda “Kəsmə şikəstə” yenidən nalə çəkəcək.

Bizi ədəbiyyata olan marağımız yaxınlaşdırmışdı. Fərqli məktəblərdə və siniflərdə təhsil alsaq da, imkan tapanda görüşür, oxuduğumuz kitablardan, yazıçı və şairlərin yaradıcılığından, maraqlı həyat hekayətlərindən danışırdıq. Xüsusən, şənbə-bazar günləri söhbətə başımız o qədər qarışırdı ki, Nəsiman Zəngilan kəndinə gedəcəyi Bakı-Qafan sərnişin qatarına gecikirdi. Belə vaxtlarda rayon mərkəzində yerləşən evimizdə gecələmək təklifimə əksər hallarda “nənəm təkdir, gərək piyada da olsa, qayıdam”, deyirdi. Əslində, 3 kilometrlik yolu getmək çətin deyildi, ancaq piyada dönməyə qoymur, ya Zəngilan-Mincivan avtobusu ilə, ya da tanış sürücülərdən biri ilə yola salırdım. Növbəti görüşü səbirsizliklə gözləyir, əməlli-başlı darıxırdıq. Bəzən də mən onlara gedirdim. Hava xoş olanda həyətdəki hündür ağacların altında otururduq. Artıq söhbətlərimizdə tarixi mövzular da yer almağa başlamışdı. Bir də o vaxtlar az qala şedevr hesab etdiyimiz yazılarımızı bir-birimizə oxuyur, rəyimizi bildirirdik. Hər ikimiz rus ədəbiyyatının təsirinə düşmüşdük. Xüsusi ilə XIX əsr rus klassiklərinin Azərbaycan dilində çap olunmuş əsərlərini oxuyub qurtaran kimi təəssüratları bölüşməyə tələsirdik. Mənim rus ədəbiyyatının vicdanı sayılan Belinskinin təsirinə düşdüyüm günləri isə sonralar daha çox gülüşlə xatırlayırdıq. Bu təsirin ilk nəticəsi o olmuşdu ki, şairliyi buraxıb, hər şeyə tənqidçi gözü ilə yanaşmağa başlamışdım. Artıq dostumun şeirləri barədə fikirlərim o qədər sərt və insafsızca olurdu ki, aramızda ciddi gərginlik də yaranmış, hətta bir həftə görüşlərə ara vermişdik. Az sonra o da eyni “xəstəliyə yoluxdu”. Qarşılıqlı tənqidlərimiz bəzən elə qızışırdı ki, naharın necə gəlib çatdığından xəbərimiz olmur, ancaq Sona nənənin “bir stəkan çay için, sonra davam edərsiniz”, deməsi bizi sanki ayıldırdı. Həmin günləri ilk dəfə onsuz xatırladım və ürəyim elə sıxıldı ki... Hətta bir dəfə ifrata varıb: “bunlar şeir deyil, kağız korlamaqdır”, yazdığım yadıma düşdü. İllər sonra Nəsiman:

  • O amansız tənqidin məni “şair olmaq təhlükəsi”ndən xilas etdi. Yoxsa taleyimin necə olacağını təsəvvürümə gətirirəm, deyib gülürdü.
  • Tarix elmimiz buna görə mənə minnətdar olmalıdır, deyir, ona qoşulurdum.

Bizi doğmalaşdıran şeyləri sadalamaqla qurtarmaz. Ancaq bir məqamı qeyd etməyə bilmirəm. Onun da, mənim də valideynlərimiz uşaq vaxtımızdan ayrılmış, o, anası ilə, mənsə atamla qalmışdım. Anası Bakıda kiçik qardaşı Rasimlə yaşadığından,  Nəsiman kənddə, nənəsinin yanında böyümüşdü. Sona nənə uzun müddət onun üçün hər iki valideyni əvəz etmişdi. Əsli Təbriz yaxınlığında bir kənddən olan Sona nənə nur çöhrəli, dili dualı, incə qəlbli, sinədəftər bir ağbirçək idi. ADU-nun Jurnalistika fakültəsinin oxuyanda hazırladığımız bir neçə “Bulaq” verilişində onun duzlu söhbətlərindən, qəmli bayatılarından, rəvayətlərindən, bir sözlə, zəngin söz boxçasından da istifadə etmişdik. Yaşı 70-i ötsə də, cılız bədənli bu ağbirçəyin çevikliyi, işgüzarlığı adamı heyran qoyurdu. Onun yanında biz özümüzü o qədər sərbəst hiss edirdik ki, elə bil evdə, həyət-bacada bizdən başqa kimsə yox idi. Yalnız növbəti çay stəkanları, meyvə dolu qab, ya da yemək boşqabları stola gələndə yanımızda olduğunu hiss edirdik. Nənə ilə nəvənin mehriban, qayğıkeş, hər anı sevgi dolu münasibətlərini yada salanda indi də gözlərim dolur. Hələ Sona nənənin danışığı, nəvazişli müraciətləri. İlahi, insan nə qədər həssas, incə və yuxa qəlbli olarmış. Heyf, onun həyat tarixçəsini sonadək nə özündən, nə də dostumdan eşitmək qismət olmadı. Ancaq öyrəndiyim o idi ki, neçə qardaş-bacısı biz tərəflərdə deyildiyi kimi, o tayda, Azərbaycanın Cənubunda, Təbrizdə qalıb. Evlərindən 7-8 kilometrlikdə, o vaxtlar əlçatmaz olan Arazın cənub sahilində ucalan sıra dağlara, doğmalarından ayrı düşdüyü o torpaqlara nə qədər həsrətlə, yanğıyla baxmışdı. O dağların anrı üzündə eli-obası, əzizləri qalmışdı, daha heç vaxt üzlərini görmədiyi, səslərini eşitmədiyi simsarlarının qoxusunu candan bağlandığı nəvəsindən alırdı. Ancaq bu duyğularını heç vaxt dilinə gətirmirdi, eləcə ürəyində dərd kimi yaşadırdı. Yəqin onu içdən əridib yumağa döndərən, özü ilə son mənzilinə apardığı həmin çəkilməz dərd idi. Axar suları qurudan dərd. Bunları indi fikirləşirəm, o zamansa həm dövr fərqli idi, həm də biz rəhmətlik Sona nənənin nələr keçirdiyini tam anlayacaq yaşda deyildik. Nənəsini itirəndən sonra rayona seyrək gəlirdi. “Gözüm hər yerdə axtarır, səsi qulağıma gəlir, ancaq özünü görə bilmirəm. Onsuz elə bil həyət-baca da özgələşib”, deyirdi.

Təbiəti çox sevirdi. Dağı, dərəni, yaşıl yamacları gəzməkdən doymur, “axı, hara tələsirik, bir az da qalaq, adamın beyni açılır”, deyirdi. İmkan tapan kimi rayon mərkəzindən 15-20 kilometrlikdəki dağlara üz tutur, çox vaxt evə gecəyarı dönürdük. Uşaq olanda atam hər yay bizi Şərqi Zəngəzurun keçmişdə azərbaycanlıların yaylaq yerləri olmuş, 1968-ci ildə qoyunçuluğun inkişafı bəhanəsi ilə Ermənistanın Qafan rayonuna verilmiş yaylaqlara aparardı. Tətil qurtarana qədər orada qalar, Mal gədiyi, Müşülan düzü, Daşkəsən, Yağlı dərə, Ağ bulaq və Azərbaycan adlarını daşıyan neçə-neçə yurd yerində, təbiət qoynunda unudulmaz günlər keçirərdik. Gəncliyimizdə də bu fürsətləri qaçırmadıq. Tələbəlik illərində Nəsimanla da rayonun bütün 

dağlarını dolaşdıq. Dağlarla son görüşümüz isə daha yaddaqalan oldu. Üç dost itirdiyimiz həmin yaylaqlara getmişdik. Yamacları qurşağa çatan gül-çiçəyə bələnmiş dağlar dostlarımı heyran qoymuşdu. Aranlı dostumuz hər gün bir bulaqdan su içib, dadındakı fərqi görür, yamacboyu sıralanmış pətəklərə, dağın ətəyindən meşəyuxarı sürünən seyrək dumana baxır, xeyli təsirlənir, dəfələrcə “buralar, həqiqətən, cənnətdir”, deyirdi. Buraların məşhur rəsmlərdə gördüyü mənzərələrə bənzəməsi də onu heyran qoyurdu. Göz oxşayan təbiət lövhələri, bir-birindən uzağı yüz addımlıqda yerləşən, suyu can dərmanı buz bulaqlar, hər daşından kəklik havalanan qayalar, rayihəsi adamı bihuş edən gül-çiçək Zəngilanın işğalından sonra bizə də yuxu kimi gəldi. O dağlarda keçirdiyimiz 15 günü, közümüzün sevindiyi, ruhumuzun təzələndiyi, ömür kitabımıza neçə gözəl xatirənin yazıldığı günləri artıq Nəsimansız, yana-yana xatırlayırıq.

Bir dəfə dağ başında qatı dumana yaxalandıq. Vəziyyətin təhlükəli olduğunu bildiyimdən “bir-birimizə əlçatan məsafədə olaq”, dedim. Çünki qatı dumanda kimsə yolu aza, ayağını boşluğa ata, şehdən nəmlənmiş yamacdan sürüşə, hətta çaşıb gədikdən uçuruma yuvarlana bilərdi. Az sonra aranlı dostumuzun dedikləri bu narahatlığın əsassız olmadığını təsdiqlədi.

  • Bu dumanın üstü ilə yerisək, alaçıqlara daha tez çatarıq.
  • Sən nə deyirsən, belə görünməyinə baxma, dumanın üstü ilə yeriməkmi olar, ayağın atsan, ayılıb özünü dərənin dibində görərsən, – az qala qışqıraraq dedim.
  • Ayıla bilsə. Bunu da Nəsiman dedi və hərəmiz bir əlindən tutub dostumuzu geri çəkdik. Duman, doğrudan da, o qədər qatı, sıx idi ki, elə bil tərkibi hava, su deyil, nəsə bərk cisim idi.

1990-cı ilin yayında Zəngilanın Dərəli kəndinə getmişdik. Dağ ətəyində yerləşən kəndi ayaqdan salıb yorulsaq da, “gəl, babalarının yaşadığı kəndə qalxaq, o yeri görmək istəyirəm”, dedi. Yaxın qohumumun “axşama qədər ora gedib-qayıda bilməzsiniz”, xəbərdarlığı da onu fikrindən daşındırmadı. 1918-ci ildə ermənilərin dağıtdığı, dağ döşündəki Karrar kəndinə üz tutduq. Ev yeri olduğu aydın görünən dərin kahalara, iri məzar daşlarına baxıb xeyli təsirləndi. “Dədə Qorqud” boylarını xatırladım, dedi. Saf havası adamı qanadlandıran dədə-baba yurdumdan baxanda dərəboyu axan Oxçu çayı əyri bir xətt kimi görünürdü. Mən o gün dostumun Vətənə, doğma yurda nə qədər bağlı olduğuna bir daha şahidlik etdim. Torpaqlarımız erməni işğalından azad olunanda o yerlərə ilk gedənlərdən biri də vətən, millət kəlmələri dilindən çox, əməlində yaşayan Nəsiman Yaqublu oldu. Birinci Qarabağ müharibəsində birgə addımladığımız Zəngilan, Qubadlı, Laçın cəbhə xəttində bu gün qalib Azərbaycan Ordusunun əsgərinin dayandığını görmək onun da qəlbini riqqətə gətirmişdi. Bu hisslərini teleekranlardakı çıxışlarında, dostlarla görüşlərdə dəfələrcə qürurla dilə gətirmişdi.

Məqsədyönlü, ciddi, xeyirxah və əzmli insan idi. Maraqlı həmsöhbət olduğu kimi, məqamında susmağı, başqasını dinləməyi də bacarırdı. Doğrudur, araşdırdığı mövzularla bağlı əmin olduğu fikirdən, yaxud hansısa məsələ barədə qəbul etdiyi qərardan dönməsi çətin idi. Ancaq qarşı tərəfin dəlilləri məntiqli, istinadları dəqiq olanda azacıq gülümsəyir: “Qadası, bu məsələdə haqlısan”, deməyə də güc tapırdı. Nə gizlədim, hərdən inciməyi, küsməyi də vardı. Ancaq yaxın dostlarla belə umu-küsülər bir-iki həftədən uzun çəkməzdi. Belə vaxtlarda dostların barışıq təşəbbüsü ilə razılaşır, “görüşəndə danışarıq, təki o da yola gəlsin”, deyirdi. Görüşəndə isə çox vaxt qarşı tərəfi gözləmədən: “qadası, vaxtımızı itirməyək, hər şey geridə qaldı”, 

deyib barışığa körpü salardı. Çünki o da beşgünlük işdən sonra dostlarla çay süfrəsində həftəsonu görüşləri səbirsizliklə gözləyir, “qənimət vaxt” hesab edirdi. Çünki xoş ünsiyyətin gətirdiyi qəlb rahatlığı növbəti günlər üçün hamımıza gərəkən enerji verirdi. Belə görüşlərimiz gecikəndə mesajında “qadası, heç olmasa, bu həftə toplaşa biləcəyik? Düzü, yaman darıxmışam”, yazırdı. İlk dost itkilərindən sonra daha çox ehtiyac duyduğumuz bu görüşlərin hərdən baş tutmaması bizi üzür, növbəti görüşədək günləri sayırdıq. Yorğunluğunun çıxdığı belə vaxtlarda səmimi şəkildə “yüngülləşdim, dirildim” deməsinin də özgə yeri vardı. Əslində, o görüşlərdə hamımız yüngülləşir, rahatlıq tapırdıq. Yaz-yay aylarında gecəyə, payız-qışda axşama qədər oturub şirin söhbətlər etməyimizin bir səbəbi də elə bu idi. Ancaq, əlbəttə, başlıca səbəb bizi yaxınlaşdıran, doğmalaşdıran cəhətlərimiz, ortaq dəyərlərimiz idi.

Bu dəyərlər arasında musiqinin xüsusi yeri vardı. Xalq mahnıları, təsniflər, həzin bəstəkar musiqilərinin heyranı olaraq zövqlərimiz uyğun gəlirdi. Xalqın bağrından qopub gələn, yolumuza körpü salan bu sənət incilərini dinləməkdən yorulmurduq. Ruhumuzu qanadlandıran, bizi uzaqlara aparan zəngin xalq musiqimiz, el havalarımız əsrarəngsizliyi ilə söhbətlərimizə bir həzinlik gətirirdi. Belə anlarda birgə sükutumuzun nələr dediyini də heç vaxt unutmadıq.

Deyirdi, yorğun vaxtlarımda Avropa və milli klassiklərin əsərlərinə qulaq asıram, beynim dincəlir, xeyli yüngülləşirəm. Azərbaycan musiqisindən danışanda ilk yada düşən Üzeyir bəyin onun da qəlbində xüsusi yeri vardı. Bu dahi şəxsiyyətə hədsiz sevgi həm də onun milli istiqlal yolunun cığırdaşları sırasında olması, Xalq Cümhuriyyəti hökumətinin mətbu orqanı – “Azərbaycan” qəzetinin baş redaktoru kimi fəaliyyəti, dövlət himnimizin, ilk marşlarımızın müəllifi olması və göstərdiyi daha neçə əvəzsiz xidmətdən qaynaqlanırdı. Təbii, Üzeyir bəyin öz xalqına bəxş etdiyi ilklər sırasında klassik musiqi nümunələri, milli opera, operetta, çoxsəsli xor kollektivi, musiqi məktəbi, musiqili teatr, Konservatoriya, musiqişünaslıq elminin təşəkkülü, saymaqla bitməyən daha neçə dəyərlər var. Təsadüfi deyil ki, bütün Azərbaycan mədəniyyətini təmsil etməyə haqqı çatan şəxsiyyət barədə düşünəndə ilk adı çəkilən Üzeyir bəy Hacıbəyli olur. Bu böyük ziyalının nadir yaradıcı şəxsiyyət statusunu müəyyən edən xidmətləri sırasında ədəbiyyatımıza, publisistikamıza verdiyi dəyərli töhfələr, fəal ictimai fəaliyyəti də var.

Nəsiman Üzeyir bəy dühasının böyüklüyünü, xalqa xidmət əzminin tükənməzliyini daha bir məqamla da bağlayırdı. “O, yeganə xadimdir ki, yaşadığı müxtəlif zamanların ağır şərtlərinə baxmayaraq, həm çar Rusiyası, həm Cümhuriyyət, həm də Sovet Azərbaycanı dövründə öz xalqına xidmət etməyi bacarmışdır”. Bu, sadəcə, böyük Azərbaycanlıya sonsuz sevginin və heyranlığın ifadəsi deyildi, hər cür təzyiqə və real təhlükələrə sinə gərib tutduğu yoldan dönməyən nadir bir şəxsiyyətin ucalıq mücəssəməsi kimi Azərbaycan tarixində əbədi qalmaq haqqının minnətdarlıqla dilə gətirilməsi idi.

Həyatını Azərbaycan tarixinin, onun şərəfli səhifələrindən olan Cümhuriyyət irsinin araşdırılmasına və təbliğinə həsr etmiş Nəsiman Yaqublu da öz missiyasını şərəflə yerinə yetirdi və adını xalqın yaddaşına yazmağı bacardı. Bir ailə ocağından şölələnib, üzə çıxardıqları, yazıb-yaratdıqları ilə bir xalqın ziyasını, işığını artırdı, sabaha bəslədiyi ümidləri çoxaltdı. Çıxdığı yoldan heç vaxt dönmədi, qələmi, təfəkkürü, bütün varlığı ilə mənsub olduğu millətin azadlıq, müstəqillik mübarizəsinin yaşadılması 

üçün gərgin əmək sərf etdi, illərini əsirgəmədi. Müxtəlif ölkələrin arxivlərindən böyük zəhmətlə, çətinliklə əldə etdiyi sənədlər, materiallar, canlı xatirələr əsasında Cümhuriyyət tarixini, onun qurucularının həyat və fəaliyyətini, Azərbaycanın istiqlal mübarizəsinin bütöv bir mərhələsini ardıcıl şəkildə, yorulmadan araşdırdı, sanballı əsərlər yazdı. Sələfləri kimi, Cümhuriyyət, Azərbaycan sevdası ilə çıxdığı yolda ömrünü şam kimi əritdi, ancaq bir kərə yoruldum demədi. Əksinə, ürəkdən bağlandığı Cümhuriyyət dəyərləri ilə yaşaması ona güc verdi, ruhunu pərvazlandırdı. Yalnız yazdığı əsərlərlə deyil, həm də elmi konfranslarda, seminarlarda, müxtəlif tədbirlərdə, elektron və ənənəvi mediada çoxsaylı çıxışları, müsahibələri və BDU-nun Jurnalistika fakültəsində 25 ilə yaxın oxuduğu mühazirələri ilə Azərbaycan insanına, o cümlədən tələbələrinə qürur duyacaqları bir tarixləri olduğunu çatdırdı. Beləcə, 30 ildən artıq bir dövrdə zəngin biliyi, natiqlik məharəti ilə neçə minlərə sevdirdiyi tarixi dövrün bir parçasına çevrildi, sanasan canbir, ruhbir olduğu ilk müstəqil dövlətimizin fədakar qurucularının cərgəsinə qovuşdu.

 

Cümhuriyyətlə bağlı tarixi günlərdə hansısa veriliş, məqalə, sənədli film hazırlananda haqlı olaraq jurnalistlərin ilk yadına düşən Nəsiman Yaqublu olurdu. Bu yanaşmanı doğuran bir səbəb də onun bu dövrü bütöv şəkildə tədqiq edən və oxuculara çatdıran azsaylı alimlərimizdən olması idi. O, Cümhuriyyətlə nəfəs alırdı desəm, zərrə qədər mübaliğə etmərəm. Nəsiman Yaqublu bu tarixlə bağlı bəzi məqamları məqsədli, ya məqsədsiz təhrif edənlərə, şübhə altına alanlara qarşı da cəsarətlə mübarizə aparırdı, çəkinmədən, həm də faktlara, sənədlərə əsaslanaraq öz sözünü deyirdi. Nə susur, nə də geri çəkilirdi.

Min təəssüf ki, ömrünün məhsuldar çağında aramızdan vaxtsız getdi. Son söhbətlərimizdə arxivlərdən topladığı dəyərli sənədlər, faktlar əsasında yeni tədqiqat işləri yazacağını deyirdi. Məlum faciədən qabaq facebook səhifəsində Türkiyədə arxiv və kitabxanada araşdırmalar apardığını əks etdirən foto və məlumatlar paylaşmışdı. Qismət olmadı. Oğlu Nihadın toyunu görmək, hələ yaşı tamam olmayan nəvəsinin dilindən həsrətlə gözlədiyi “baba” sözünü eşitmək də nəsibi olmadı. Milli Məclis üzvlüyünə namizəd kimi qeydə alındığı 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən seçiciləri ilə görüşdən dönərkən Cəbrayıl rayonu ərazisində avtomobil qəzası keçirdi. Həmin an onun nə düşündüyü bilinmir. Ancaq nədənsə mənə elə gəlir, bir saatdan artıq həyat-ölüm mübarizəsi aparan dostumuz son nəfəsində sevdiyi şair Əli Kərimin məşhur misralarını pıçıldayıb:

Haradan gəlib çıxdı ölüm, bu qoca kaftar,

Yaman kəmfürsətdir, görmür ki, əlimdə nə qədər işim var.

Lətif Şüküroğlu

2