Vətən müharibəsi həm də xalqımızın öz rəhbəri ətrafında yumruq kimi birləşməsinin təsdiqi oldu

 17:11 25.09.2024     376

"...Mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir".

İlham ƏLİYEV,

Ali Baş Komandan,

Azərbaycan Respublikasının Prezidenti

 

Vətən savaşı Azərbaycanın – İlham Əliyevin zəfəri ilə başa çatdı! 44 günlük müharibə 2 əsrlik münaqişəni bitirdi. İlham Əliyevin imzaladığı bəyanat yalnız savaşın yekun həllini təmin edəcək ədalətli hüquqi sənəd deyil. O, daha çox Azərbaycanın əsrlər boyu davam edən münaqişədə qalib tərəfə çevrilməsini və ərazi bütövlüyünü, birmənalılığını təsdiqləyir.

Güclənən və inkişaf edən Azərbaycan günlərin birində torpaqlarını güc yolu ilə azad edə biləcəyini heç vaxt gizlətmədi. Artıq Ermənistana və dünya erməniliyinə da agah idi ki, əgər Azərbaycan ən çətin vaxtlarında onların şərtlərini yaxına buraxmayıbsa, gücləndikdən sonra istənilən vasitə ilə ərazilərini azad edəcək. İlham Əliyevin qətiyyətli siyasəti və hücum diplomatiyası hər addımda Ermənistanın işğal siyasətini laxladır, ifşa edirdi. Ermənistanın son hərbi təxribatları isə nəticə etibarilə Azərbaycanın gözlədiyi tarixi fürsəti təmin etdi və işğalçı layiqli cəzasını alaraq torpaqlarımızdan qovuldu.

Azərbaycan xalqının tarixi mücadilə, qəhrəmanlıq salnamələri ilə zəngindir. Biz qəhrəman bir millətin nümayəndələriyik. Ona görə zaman bəzən bizi ağır sınaqlara çəksə də, yenidən toparlanaraq, güc taparaq, bir yumruq olaraq tariximizin şərəfli səhifələrini yazmağı bacarırıq. Torpaqlarımızın azadlığı uğrunda sentyabr ayının 27-dən başlanan və 44 gün davam edən müqəddəs savaş da bunu təsdiq etdi. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu 30 ilə yaxın davam edən erməni işğalına cəmi 44 gün ərzində son qoyaraq xalqımızın möhtəşəm qəhrəmanlıq salnaməsini yaratdı.

Azərbaycanın bu müharibəni qələbə ilə başa vuracağı hərbi əməliyyatların ilk günlərindən aydın idi. Lakin biz həm də beynəlxalq təzyiqlərin qarşısını almalı idik. Bu mənada İlham Əliyev Ali Baş Komandan olaraq yalnız döyüş meydanında mübarizə aparmadı. İlham Əliyev dövlət başçısı kimi həm də siyasət meydanında, diplomatiya cəbhəsində erməni təəssübkeşlərinə və dünya erməniliyinə qarşı qətiyyətlə mübarizə apardı.

Bu 44 günün hər birində şücaətli əsgərlərimiz şanlı tarix yazdılar. Canlarını Vətənə sipər edərək addım-addım, qarış-qarış irəlilədilər, yurdumuzu kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər azad etdilər, bayrağımızı zirvələrdə dalğalandırdılar. Bu 44 gün ərzində hər gün qələbə müjdəsi ərməğan etdilər bizə...

Vətən müharibəsi həm də xalqımızın milli birliyinin, öz rəhbəri ətrafında yumruq kimi birləşməsinin təsdiqi oldu. Milliyyətindən, dilindən, dinindən, sosial statusundan asılı olmayaraq xalqımız həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı. Bu həmrəylik həm də azərbaycançılıq ideyasının təntənəsi idi. Bu cür ideya, milli düşüncə və dünyagörüşü ilə silahlanmış Azərbaycan əsgərlərinin döyüş meydanındakı fədakarlıqları qürurverici idi. Onların hər biri qəhrəmandır, qələbəmizin müəllifidir.

Vətən müharibəsində Azərbaycan Ordusu böyük rəşadət göstərdi. Eyni zamanda, 44 günlük savaş bir daha təsdiqlədi ki, Azərbaycan xalqı onu bütün arzularına çatdıran cənab İlham Əliyevin ətrafında daim sıx səfərbərdir. Bu Qələbədən sonra Azərbaycan üçün tamamilə yeni tarixi mərhələ başlayıb. Çünki bizim rəhbərimiz də, dövlətimiz də, bütün xalqımız da qalibdir. Öz milli haqqı uğrunda qalib gələnlər isə hər zaman bütün dünyada xüsusi ehtiramla qarşılanırlar.

Azərbaycan xalqının zəngin qəhrəmanlıq irsi var, döyüşmək, mübarizə aparmaq bizim qanımızda, canımızdadır. Hər birimiz inanırdıq ki, günlərin birində Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı ata-babalarımızın tarixboyu yaratdıqları, miras qoyduqları qəhrəmanlıq irsindən ilhamlanaraq müharibə yolu ilə azad edəcəyik.

Cənab Prezident İlham Əliyevin Ali Baş Komandanı olduğu Müzəffər Azərbaycan Ordusu xalqımızın qələbəyə inamını həqiqətə çevirdi, torpaqlarımızın azadlığı uğrunda tarixi missiyasını layiqincə, qətiyyətlə, hünərlə yerinə yetirdi. Artıq neçə aydır ki, bütün xalqımız böyük qələbənin sevincini yaşayır. Böyükdən kiçiyə qədər hər kəs, vəzifəsindən, əqidəsindən, sosial statusundan asılı olmayaraq hər bir azərbaycanlı indi özünü daha qürurlu, daha mətin hiss edir. Çünki artıq biz qalib bir xalqın nümayəndələri olmağımızla, torpaqlarımızı hünər meydanında azad etməyimizlə fəxr edirik, öyünürük, iftixar hissi duyuruq.

Bu sevinci bizə bəxş edənlər qətiyyəti və siyasi iradəsi ilə hər birimizi qürurlandıran İlham Əliyev və qəhrəmanlıqları, cəsarətləri, qorxmazlıqları ilə dillərdə dastana dönən Azərbaycan Ordusunun əsgərləri, zabitləri, gizirləridir. Elə bir cəbhə olmadı ki, əsgərlərimiz hücum əməliyyatında ləngisinlər. Elə bir istiqamət olmadı ki, düşmənin müdafiə mövqelərinin yarılması mümkün olmasın. Ermənistanın illər boyu möhkəmləndirdiyi, keçilməz hesab etdiyi səngərlər, müdafiə istehkamları Azərbaycan oğullarının müzəffər yürüşü qarşısında duruş gətirə bilmədi və ordumuzun hər bir əməliyyatı həm unikallığı, həm də əsgər və zabitlərimizin qəhrəmanlığı ilə aləmə səs saldı.

Bu müharibədə əsgər və zabitlərimiz qəhrəmancasına döyüşdülər. Onlar bu yolda canlarını belə fəda edərək vətən yolunda şəhidlik zirvəsinə yüksəldilər. Şəhidlərimizin qanı-canı bahasına biz torpaqlarımızı azad etdik. Tanrıdan şəhidlərimizə rəhmət diləyirik. Onların xatirəsi həmişə uca tutulacaq, ehtiramla anılacaq. Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində etdiyi paylaşımda da vurğulandığı kimi, "Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq".

Əgər torpaqlarımızın azad edilməsi Azərbaycan Ordusunun gücünü, müasir döyüş əməliyyatları aparmaq imkanlarını göstərdisə, Şuşanın azad olunması, ilk növbədə, Azərbaycan əsgərinin vətənpərvərliyinin, cəsarətinin, qorxmazlığının təsdiqi oldu. İgidlərimiz bu döyüşdə mübarizlik tarixi, qəhrəmanlıq salnaməsi yaratdılar. Xalqımızın hərb tarixinə və bütövlükdə hərb elminə elə bir səhifə yazdılar ki, illər ötsə də, həmişə xatırlanacaq, istinad ünvanı olacaqdır.

Bu tarixi qələbənin qazanılmasında hərbçilərimizin yüksək vətənpərvərlik hisslərinə, döyüş əzminə malik olmaları böyük rol oynadı. Döyüşlər başa çatandan sonra Ermənistan mənbələri etiraf edirlər ki, Azərbaycan Ordusunun gücü qarşısında erməni əsgərləri cəbhənin bütün istiqamətlərində qaçıblar, kütləvi şəkildə fərarilik ediblər. Bəli, Azərbaycan əsgəri düşmənin üzərinə ölümdən belə çəkinmədən hünərlə, cəsarətlə getdi. Bu yolla şəhidlik zirvəsinə ucaldı.

Vətən müharibəsi dövründə Şəki 56 şəhid verdi. Ürəyimiz 56 dəfə dolub-boşaldı. Həm qürurlandıq, həm də itirdiyimiz igidlərə görə kədərləndik. Gözümün önündə cəbhəyə yola düşərkən onların simasındakı o qətiyyət, onlara göstərilən etimaddan doğan fərəh, yaxınları ilə vidaları və söylədikləri sözlər canlandı. Nə yola düşənlər, nə onları yolçu edənlər pərişan görünmürdülər. Vətən sevgisi, torpaq təəssübü hamını müsəlləh əsgərə çevirmişdi.

Ata-anaların xeyir-duası, ömür-gün yoldaşını yola salan gəlinlərin "bizdən nigaran qalma" sözləri, balacaların məsum baxışları bir istiqamətə, Vətəni qorumağa gedən igidlərimizə yönəlmişdi. Yaxşı yadımdadır, Tovuz hadisələri zamanı şöbənin önündə böyük bir izdiham yaranmışdı. Hər kəs cəbhəyə yola düşmək üçün qeydiyyatdan keçməyə can atırdı. Həmin gün yetişəndə isə şəkililər yenə də böyük bir izdihamla cəbhəyə yola düşmək üçün müraciət etdilər.

Müzəffər Ordumuz biri-birinin ardınca işğal olunmuş torpaqlarımızı azad edirdi. Azərbaycan ordusu sözün həqiqi mənasında bir əfsanə yaradırdı. Lakin müharibə qurbansız, şəhidsiz ötüşməz.

Göybulaq kəndindən baş miçman Mərdan Mehdizadənin dəfni zamanı diqqətimi Mərdanın 10 yaşlı oğlu cəlb etdi. O, danışanların, başsağlığı verənlərin hamısını dinləsə də, hüznlü, kədərli olsa da, ağlamırdı. Əksinə, başını dik tutub dayanmışdı. Ona atasının nəşi üzərində olan üçrəngli bayrağı təqdim edəndə: "Mən ağlamıram, igidi, şəhidi ağlamazlar. Çünki onlar haqq yolunda qurban gediblər. Bu müqəddəs məkanda söz verirəm, hərbçi olacağam və Vətənə xidmət edəcəyəm" – dedi. Oddan od törərmiş. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra Mehdizadə Mərdan Əhməd oğlu "Qarabağ" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.

Əsgər Toğrul Nağıyevi yaxşı xatırlayıram. İyul hadisələri zamanı cəbhəyə getmək istəyən könüllülərdən öncülü idi. Tez-tez şöbəyə gəlirdilər. Başına topladığı özü kimi könüllülər adından müraciət etmişdi. Mən ona "könüllülərin komandiri" – deyə müraciət edirdim. Cəbhəyə yola düşəcəyi günü səbirsizliklə gözləyirdi. Aramızda xoş bir ünsiyyət yaranmışdı. Şəhid olması xəbərini eşidəndə arzusunun zirvəsinə yüksəldi – dedim. Çünki onun söylədiyi "Bir can ki, Vətənə fəda olmayacaq, ondan nə sahibinə, nə də başqasına fayda olmaz" sözləri hələ də qulağımda idi.

Toğrulun məzarı başında ona, onun ruhuna xitabən dedim ki, gözlədiyin günə az qalır. Tezliklə Müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad edəcəkdir. Bax, həmin Zəfər günündə məzarının başına gəlib sənə müjdə xəbərini çatdıracağam. Dediyimə əməl etdim. Mənə elə gəldi ki, həmin xəbəri eşidəndən sonra onun ruhu aram tapdı.

Baş leytenant İzzətli Fərid Aydın oğlunun dəfni oktyabr ayının 22-nə təsadüf edirdi. Bütün Şəki sakinləri məzarlığa axışmışdı. Şəhidin mübarək nəşi torpağa tapşırılanda onun atası Aydın və qardaşı torpağı qucaqlayaraq göz yaşı tökürdülər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Şəhidin qardaşı, Şəki Daxili Qoşunlar Taborunun maxesi, çavuş Vüqar İzzətli tez ayağa qalxıb üstünün torpağını təmizlədi və sayğı duruşunda dayandı. Demək, heç bir kədər əsgərin Dövlət Himninə olan məhəbbətinə, hörmətinə mane ola bilməzmiş.

26 oktyabrda şəhid, xüsusi təyinatlı gizir İbrahim Məmmədovu dəfn etdik. Onun 10 yaşlı oğlu Elvin üçrəngli bayrağı məndən qəbul etdikdən sonra onu öpüb uca səslə dedi: "Mən Xocavəndə (Hadruta) bayraq sancan qəhrəmanın oğluyam və bununla qürur duyuram. Azərbaycan bayrağı heç vaxt enməyəcək". Bu, çox qürurverici bir bir mənzərə idi.

Oktyabrın 27-də Vətən müharibəsinə könüllü gedən Vasif Həmidovu dəfn edirdik. Hər kəs şəhidlə bağlı ürək sözlərini söylədikdən sonra şəhidimizin nəşinə bükülmüş üçrəngli bayrağı onun qardaşı Elvinə verdim. O, bayrağı qəbul edib üzünü səmaya tutdu. Sanki qardaşının ruhu ilə danışırmış kimi dedi: "Qardaş, mən dediyin sözü tutacam!". Məlum oldu ki, qardaşı axırıncı dəfə zəng edəndə deyib ki, şəhid olsam, mənim tabutuma salınan bayrağı həmin yerə gətirərsən. O zaman mənim ruhum şad olacaq və həmin bayrağı ruhumla qəbul edəcəm.

İnsan, insanlıq çətin gündə, dar məqamda sınanır. Ən çətin iş valideynə onun övladının şəhid olması xəbərini vermək idi. İnçə kənd sakini Elmir Umudlunun nəşini təhvil almaq üçün dəfndən bir gün əvvəl onun atası Pərviz Umudlunu Füzuli rayonunda yerləşən tibb diaqnostika mərkəzinə göndərdim. Ata həmin ünvana çatdıqdan sonra mənə zəng çaldı "Başımız sağ olsun, mənim oğlum şəhiddir" – dedi. Mən onun səsində həyəcandan, kədərdən çox fəxr və qürur hiss etdim. Ürəyimdə: – bax, budur Azərbaycan vətəndaşı, azərbaycanlı ata! – dedim. Oğlu şəhid olduğu, Vətənə qurban getdiyi üçün ağlayıb-sızlamır. Əksinə, təmkinini qoruyub saxlaya bilir. Demək Vətən, torpaq təəssübü hər şeydən yüksəkdə dayanır. Elə buna görə də bu xalqı heç vaxt, heç kim məğlub edə bilməz. Şəhidinin məzarı başında danışan ata ən böyük arzusunun Cıdır düzündə yallı gedən igidlərimizin sırasına qoşulmaq olduğunu bildirdi: "Mən orada oğlum Elmirin əvəzinə onlara qoşulacağam. Çünki bu onun ən böyük arzusu idi".

Biləcik kənd qəbiristanlığında Vilayət Allahverdiyev torpağa tapşırılanda şəhidin atası Valehin çıxışı hamını mütəəssir etdi. Ata şəhid balasının sözlərini dəfndə iştirak edənlərə çatdırdı: "Vilayət əsgəri xidmətini Ağcabədi rayonunun Qiyaməddinli kəndində keçirib. Danışırdı ki, əlimizdə silah olduğu halda o məlunların çıxardığı oyunlara seyrçi olmaq məcburiyyətində qalmışdıq. İndi budur, həmin ərazidəyəm və əlimdəki silahla od saça-saça qaçan düşməni qovuram. Bundan böyük zövq ola bilməz! Çox səbr etdik, indi görsünlər ki, Azərbaycan Ordusu nəyə qadirdir". Şəhid oğlunun sözlərini söyləyəndən sonra Valeh Allahverdiyev: Məzarında rahat uyu, şəhidim. Vətən tor-pağı azad olunacaqdır!" – dedi.

Şəhidlik zirvəsinə yüksələn oğullarımızın istər dəfnlərində, istərsə də onların valideynləri ilə apardığımız fərdi söhbətlərdə bir şeyi yəqinləşdirdim. Heç kim oğlum niyə şəhid oldu deyə ağlayıb-sızlamadı, əksinə, başını dik tutub "Vətən sağ olsun" söylədi. Övladının məzarı başında danışan ata oğlu ilə qürur duyduğunu bildirdi. Analar övlad acısına dözə-dözə şəhidlik ən yüksək zirvədir, şəhadətin mübarəkdir, balam" – dedilər. Bax, bu Azərbaycan kişisi, Azərbaycan qadınıdır. Vətənini, torpağını, ərazi bütövlüyünü ən yüksək səviyyədə görmək istəyən Azərbaycan vətəndaşlarıdır. Onların hər birinin qarşısında hörmətlə baş əyirəm.

Bəli, tökülən şəhid qanı yerdə qalmadı. Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Zəfər çaldı. Erməni faşistləri üzərində qazanılmış möhtəşəm qələbənin təntənəsi olan Zəfər paradı bir neçə cəhətdən əlamətdar idi. Bakının mərkəzində – Azadlıq meydanında qalib ordunun əsgərləri ilə yanaşı, qardaş Türkiyənin hərbçiləri də addımlayırdılar. Meydanın tribunasında paradı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə seyr edirdilər. Bu bir daha göstərdi ki, Azərbaycan-Türkiyə birliyi sarsılmazdır, "Bir millət, iki dövlət" deyimi adi şüar deyil, reallıqdır və düşmən bunu nəzərdən qaçırmamalıdır.

 Şəhidlərin arzusu nakam qalmadı. Zəfər paradı 44 günlük müharibədə Azərbaycan Ordusunun Böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. "Dəmir yumruq" əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində Rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir, müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir.

Yalçın SADIQLI

2