Azad olunan ərazilərə avtobus biletləri satışa çıxarılacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə oktyabr ayı üçün biletlər sentyabrın 27-si 11:00-da satışa çıxarılacaq.
Redaktor.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Qeyd olunub ki, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Gediş və qayıdış biletləri əvvəlcədən eyni vaxtda sifariş olunmalıdır.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 798 reys həyata keçirilib, 32363 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.