"O qədər ümidim var idi ki, sağalacaq..." - Qənirə Paşayevanın anası

 11:11 26.09.2024     435

“Bir ana kimi arzulayıram ki, heç bir valideyn övlad dağı görməsin, övladını itirmək çox çətindir”.

Redaktor.az xəbər verir ki, bu sözləri mərhum Qənirə Paşayevanın anası Tehran Nağıyeva modern.az-a müsahibəsində deyib.

Tehran xanımın sözlərinə görə, Qənirə Paşayeva uşaqlıqdan qeyri-adi, qayğıkeş, hafizəli və zehnli olub. Digər uşaqların 10-11 yaşda qavradığını, o, 5-6 yaşdan başa düşürdü. Nə iş görürdüsə, ən yaxşısını etməyə çalışırdı: “Elə bir övladın olması bir ana üçün qürur mənbəyidir. Amma bir ana kimi o qədər işləməsi məni çox incidirdi. Xəstələndiyi ərəfədə mən çox narahat olurdum, amma o qədər ümidim var idi ki, sağalacaq, yaxşı olacaq. Qənirəsizlik dövrünü çox ağır keçirdim, indi yadıma düşəndə belə həyəcanlanıram, sözlər yadımdan çıxır. Məni yaşadan ona olan böyük sevgi oldu - dövlətin, xalqın sevgisi…

Onsuz da gec-tez hamımızın sonu ölümdür, amma mənim qızım şərəfli ömür yaşadı, bu da ən böyük təsəllimdir. O təsəlli olmasaydı mən bəlkə də məhv olardım, çünki ağır idi onu itirmək, çox ağır idi…”

T.Nağıyeva hər zaman qızının çox işləməsindən, istirahət etməməsindən narahat olduğunu bildirib: “Əzizini itirmək çətindir, həyat yoldaşını da itirmək çox ağırdır, amma övlad itirmək dəhşətdir. Övlad itkisi başqadır. Məzarına lap tez-tez gedirəm. Hər dəfə gedəndə görürəm ki, qəbri çiçəklərlə örtülüb, bu da mənə çox təsəlli verir. Məzarı başında ağlayıram, onunla danışıram. Deyirəm ki, mən səndən çox razı qaldım, amma bir şeydən narazıyam ki, öz canına baxmadın, mən səni dincələn görmədim.

Qənirə hədisiz təvazökar idi, o qədər işlər görürdü, amma bizə danışmırdı. O dünyasını dəyişdikdən sonra bizə məlum oldu ki, sən demə Qənirə bildiyimizdən daha çox şey edib. Arzularım o idi ki, canı həmişə sağlam olsun, uzun ömürlü olsun, hərtərəfli xoşbəxt olsun. Ana övladın həmişə xoşbəxt görmək istəyər”.

Xatırladaq ki, Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar  ötən ilin sentyabrın 23-dən Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, sentyabrın 28-i axşam saatlarında vəfat etmişdi.