Cəlil Xəlilov bu təşkilata sədr SEÇİLDİ

 13:34 30.09.2024     660

Plenumda polkovnik Cəlil Xəlilov yekdilliklə Təşkilatın sədri seçilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI plenumu keçirilib. Plenumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektoruna müdiri Tural Əliyev, Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, eyni zamanda Respublika Veteranlar Təşkilatı ilə əməkdaşlıq edən qurumların nümayəndələri iştirak edib.

Redaktor.az xəbər verir ki, tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin, həmçinin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Plenumda Təşkilatın 2024-cü ildəki fəaliyyəti ilə bağlı hesabat dinlənilib, 2025-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib. Yeni sədrin seçilməsi, Təşkilatın Rəyasət Heyətinin yeni tərkibinin, eləcə də Nəzarət-Təftiş Komissiyasının tərkibinin təsdiq edilməsi də müzakirəyə çıxarılıb.

Plenumun sonunda polkovnik Cəlil Xəlilov yekdilliklə Təşkilatın sədri seçilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti və Nəzarət-Təftiş Komissiyasının tərkibi də təsdiq edilib.