Tarixin ən güclü Azərbaycanına bu qürurlu gün çox yaraşır

 14:12 01.10.2024     408

Ata sözü cəmi üç hərifdən ibarət olsa da tutumu o qədər sanballı və dəyərlidir ki, onu heç bir sözlə ifadə etmək mümkün deyil. Necə deyəsən ki, atalar səhifələrə sığmayan hikməti bir kəlmə ilə elə deyib ki, məntiqi, məzmunu dünyanın ən böyük hikmətinə bərabər olub. 

Ata övladı üçün hər cür fədakarlığa sözsüz hazır olan bir qüvvədir. Əbəs deməyiblər ki, uşaq atasından güclü kimsəni tanımaz. Çünki atanın qolunun qüvvəsindən çox ürəyindəki övlad sevgisi güclü və yenilməzdir.

Atanın göstərdiyi yolla gedən övlad heç vaxt çaşmaz, yanılmaz, yorulmaz. Çünki ata müdrikdir, dərin düşüncəlidir, aqildir, dünyagörmüşdür, böyük təcrübəyə əsaslanır.
Sözsüz ki, hər kəsin həyatında ailə mühiti mühüm rol oynayır. Atanın müdrik olması isə övladın ən böyk sərvətidir. Çünki bu mühit insanın sonrakı uğurlarının təməlini qoyur. Ata övladına verdiyi təlim-tərbiyə ilə onun nəyə qadir olacağını gözəl bilir. Axı övladı ata qədər kim tanıya bilər ki. Onun zəif və güclü cəhətləri də ataya bəllidir və aydındır. 
Hamımızın bildiyimiz bir həqiqət bunun ən gözəl sübutudur. 

«İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm».

Ulu Öndər Heydər Əliyevin oğlu İlham Əliyev haqqında dediyi bu kəlmənin isbata ehtiyacı varmı?!
Son 200 ildə torpaq verməyib alan sərkərdə, Ali Baş Komandan, qüdrətli dövlət başçısı, cəsarətli diplomat, hər kəslə öz dilində danışmağı bacaran müdrik, xalqının sevimlisi, ümid yeri olan İlham Əliyev 30 illik bir həsrətə son qoydu. Şuşanın azad edildiyi gün xalqa müraciət etdiyi zaman həm də böyük hərflərlə yazılan Oğul sözünün möhtəşəmliyini gözlər önünə qoydu. Mən ata vəsiyyətini yerinə yetirdim – dedi.

«Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz onların davamçıları onların işini tamamladıq. Atamın vəsiyyəti yerinə yetirildi və bu gün atamın, yüz minlərlə bu günü görmədən həyatdan getmiş insanların, şəhidlərimizin ruhu şaddır».

Vətən müharibəsi Azərbaycan xalqı üçün şanlı tarixdir. Milli həmrəyliyimizin təcəssümü olan bu qələbə tarixdə əbədi qalacaq. Azərbaycan silahlı qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüqüq bərpa olundu. Bu gün Azərbaycan qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya ilə uğurla irəliləyən müasir və qalib Azərbaycan bu gün tarixinin ən şərəfli dövrünü yaşayır. «Dəmir yumruq» qalibiyyət və qüdrət şüarına çevrilmişdir. Bu, həm də Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın böyük qələbələrə inamının simvoludur.

Bəli ata vəsiyyətini yerinə yetirə bilmək, özü də bu səviyyədə hər oğulun işi deyil. Çünki qələbəmizə sevinməyənlər bu böyük uğura kölgə salmağa çalışırdılar. Müxtəlif media nümayəndələrinə verdiyi müsahibələrdə söylədiyi tutarlı dəlillər onu verəni pərt elədi. Dilini gödəltdi. Çünki deyilən hər kəlmə həqiqətə, güclü intellektə söykənirdi.

Bu gün daha bir möhtəşəm bayramımız var. İllərlə, bəlkə də əsrlərlə həsrətində olduğumuz Dövlət Suverenliyi Günü. Tarixin ən güclü Azərbaycanına bu qürurlu gün çox yaraşır. 

Yalçın SADIQLI