“Qod Nisanovun Azərbaycanda hər hansı bir layihəsi olsaydı, məlumatım olardı” - İlham Rəhimov

 14:16 01.10.2024     295

Son günlər sosial şəbəkələrdə Qusar rayonunun ərazisində yerləşən Samur sərhəd gömrük keçid məntəqəsinin ətrafındakı obyektlərin sahibkarların əlindən alınması barədə məlumatlar yayılır. Həmin məlumatlarda qeyd edilir ki, guya həmin fəaliyyətlər Rusiyada iş idamı, əslən Qubadan olan Qod Nisanova məxsus şirkət tərəfindən həyata keçirilir.

Bu məsələyə aydınlıq gətirmək üçün Qod Nisanovun biznes partnyoru, professor İlham Rəhimova müraciət etdik. 

Professor deyilən iddialara cavab verərək bildirdi ki, bu barədə danışılanları o da eşidib:

“Səslənən fikirlər o qədər qeyri-ciddidir ki, buna reaksiya verməyə də adam çətinlik çəkir. Əvvəla, Qod Nisanovun Azərbaycanda hər hansı bir işi, layihəsi olsaydı, mənim məlumatım olardı. Digər tərəfdən, Qod Nisanovla bizim birgə şirkətimiz Rusiyanın ən böyük Daşınmaz Əmlak Şirkətlərinin reytinqində neçə illərdir ki, birinci yerdə qərarlaşıb. Sizcə, böyük bir şirkətin qeyd edilən kiçik tikinti işləri aparması və ya belə bir layihələrə kommersiya marağı olması real ola bilər? Təbii ki, cəfəngiyyat söhbətdir”.

Professor İlham Rəhimov onu da qeyd etdi ki, belə bir absurd informasyanın kimlər tərəfindən yayılmasının və nəyə xidmət etdiyinin özü da sual doğurur.