“İkinci Dünya müharibəsində Bakı neftinin həlledici rolu hamıya məlumdur"

 16:25 11.10.2024     425

“Bakıya “Əmək Şöhrəti Şəhəri” adının verilməsi təklifi təqdirəlayiqdir”

“Bakıya "Əmək Şöhrəti Şəhəri" adının verilməsi təklifi təqdirəlayiqdir”.

Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu təklif neft Bakısının İkinci Dünya müharibəsində alman faşizmi üzərində tarixi qələbəyə əvəzsiz töhfəsinə verilən qiymətdir.

“İkinci Dünya müharibəsində Bakı neftinin həlledici rol oynadığı hamıya məlumdur. Əminliklə deyə bilərik ki, Bakı nefti olmasaydı, faşizm üzərində tarixi qələbənin təmin edilməsi bəlkə də mümkünsüz olardı. Bu həqiqət nəinki keçmiş Sovetlər Birliyinin rəhbərləri və Jukov kimi sərkərdələri, eləcə də dünyanın müxtəlif dövlətlərinin başçıları, hərbi xadimləri tərəfindən dəfələrlə etiraf olunub. Obyektiv hərb tarixçiləri və mütəxəssislər də bu fikirdədirlər ki, Bakı nefti müharibənin taleyini həll edən mühüm amillərdən biri olubdur. Zaman keçdikcə, on milyonlarla insanın həyatını itirdiyi dəhşətli müharibə haqqında həqiqətlər üzə çıxdıqca biz belə etirafların və obyektiv dəyərləndirmələrin daha çox şahidi oluruq və şübhə yoxdur ki, gələcəkdə də olacağıq.

Bütün bunları nəzərə alaraq demək olar ki, İkinci Dünya müharibəsinin ən qanlı döyüşlərinin getdiyi Sovet-alman cəbhəsini fasiləsiz surətdə və lazımı həcmdə qara qızılla təmin edən qəhrəman Azərbaycan neftçiləri alman faşizmi üzərində qələbəin qazanılmasında özlərinin gündəlik, ağır zəhmətləri ilə yaxından iştirak ediblər. Tarixi zəfərdə onların da bu zəfərin təmin edilməsində qanından, canından keçmiş yüz minlərcə azərbaycanlı kimi danılmaz əməyi və fədakarlığı olmuşdur. Bakının, ümumilikdə, Azərbaycan xalqının və onun qəhrəman övladlarının mübarizliyi bütün bəşəriyyətin təhlükəsizliyinin və  rifahının təminində mühüm rol oynayıb. Bu mənada Bakının "Əmək Şöhrəti Şəhəri”adına layiq görülməsi təklifi haqlı və yerində olan bir təklifdir. Şübhəm yoxdur ki, bu təklif MDB dövlətlərinin müvafiq orqanları və veteranları tərəfindən də dəstəklənəcəkdir.

Həmçinin, inanıram ki, Bakı yaxın gələcəkdə çoxdan layiq olduğu "Qəhrəman şəhər" adını da alacaq və bununla da tarixi ədalət tam şəkildə öz yerini tutacaqdır. Unutmaq olmaz ki, Bakı və bütövlükdə, Azərbaycan xalqı faşizmə qarşı mübarizədə həm arxa, həm də ön cəhədə böyük qəhrəmanlıqlara imza atıb, xalqımızın 300 mindən çox övladı bu müharibədə həlak olub. Bakı İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizənin əsas mərkləzlərindən biri olub. Bu mənada Bakının “Qəhrəman şəhər” adı ilə təltif olunmağa haqqı var və bununla həm də tarixi ədalət öz yerini tutmuş olardı".

Məlumat üçün qeyd edək ki, MDB-nin Baş katibi Sergey Lebedev Bakının “Əmək Şöhrəti Şəhəri” adına layiq görülən ilk şəhər ola biləcəyi ilə bağlı açıqlama verib.

T.İSGƏNDƏRLİ