Dəmir yolunda təbii fəlakətin fəsadları aradan QALDIRILDI

 13:28 14.10.2024     208

Oktyabrın 12-si Hacıqabul rayonu ərazisindən sel keçib. Nəticədə Hacıqabul stansiyasının ərazisinə də ciddi zərər dəyib və dəmiryol xətlərinin torpaq qatı yuyulub.

Redaktor.az ADY-yə istinadla xəbər verir ki, Hacıqabul dartı yarımstansiyasının həyətində sel suları ciddi fəsad törətdiyi üçün elektrikin verilməsində və rabitə-işarəvermə qurğularının fəaliyyətində fasilələr yaranıb.

Bu səbəbdən Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən qatarların Sığırlı-Padar-Qarasu-Muğan-Hacıqabul sahəsində sürət həddi endirilib.

Hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin edilməsi üçün əraziyə xüsusi texnika və işçi qüvvəsi səfərbər olunub. Suyun istiqaməti dəyişdirilərək dəmir yolları sel sularından mühafizə edilib. Dəmiryol xətlərində möhkəmləndirmə işləri aparılıb, kontakt şəbəkə dayaqlarının dibləri doldurularaq bərkidilib, rels şpal çərçivələrinin yuyulmuş hissələrinə çınqıl tökülərək möhkəmləndirilib.

Hadisənin fəsadları aradan qaldırılıb, hazırda ölkədaxili marşrutlar üzrə qatarların sürəti tam bərpa edilib.