Misir mediası azərbaycanlı alimin simpoziumda çıxışını geniş işıqlandırıb - FOTO

 15:41 21.10.2024     284

Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun Misir Jurnalistlər Sindikatında keçirilən “Misir və Azərbaycan: əməkdaşlıq perspektivləri və növbəti iqlim sammiti” adlı simpoziumda çıxışı yerli mətbuatda geniş işıqlandırılıb.

Redaktor.az xəbər verir ki, tədbirə moderatorluq edən Jurnalistlər Sindikatı Xarici Əlaqələr Komitəsinin sədri Hüseyn Əl-Zənati azərbaycanlı alim və diaspor sədrinin uzun illərdən bəri Misirdə həyata keçirdiyi elmi, mədəni və ictimai fəaliyyətləri ilə tanındığını və jurnalistlər arasında böyük hörmətə malik olduğunu qeyd edib.

Yerli medianın yazdığına görə, S.Nəsirov Misirlə Azərbaycan arasında əlaqələrin əsrlər boyu yüksək səviyyədə olduğunu qeyd edərək bildirib ki, orta əsrlərdə Misir tayfaları Azərbaycana köçüblər. Bu faktı böyük tarixşünas alim İbn Əl-Fəqih özünün “Əl-Buldan” (“Ölkələr”) adlı əsərində yazıb.

Tədbir iştirakçıların ən çox diqqətini çəkən məqamlardan biri də Azərbaycanda uşaqlara Misir və Qahirə adlarının qoyulması barədə məlumat olub. S.Nəsirov diqqətə çatdırıb ki, xalqlarımız arasında dostluq münasibətlərinin qədim tarixinin daha bir bariz nümunəsi “Koroğlu” dastanında “misri qılınc” xatırlatmasıdır.

Məqalələrdə diqqətə çatdırılıb ki, azərbaycanlıların Misirin inkişafına verdiyi töhfələrdən söhbət açan tədqiqatçı-alim Misiri işğaldan azad edən Səlahəddin Əyyübinin əslən azərbaycanlı olduğuna dair ərəb mənbələrinin yekdil fikirdə olduğunu qeyd edib. O, eyni zamanda, Misirin baş həkimi Fəthullah İbn Nəfis və baş hakim Əfzələddin əl-Xoncinin əslən azərbaycanlı olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Ərəb mediasının yazılarında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən də geniş bəhs olunub. Bildirilib ki, Cəmiyyətin fəaliyyətinin əsas məqsədi xalqlar arasında dostluğun möhkəmləndirilməsi, elm, mədəniyyət və din sahələrində əlaqələrin inkişafı, habelə tələbələrə sosial xidmətlərin göstərilməsidir. Burada Azərbaycan və ingilis dilləri, “Qurani-Kərim”in qiraətləri, ərəb dilinin qrammatikası və ədəbiyyat, bəlağət və məntiq elmi, xəttatlıq, dekorasiya, xalçaçılıq və muğam sənəti tədris olunur. Hazırda Cəmiyyətin nəzdindəki kurslarda 57 ölkədən 600-dən çox gənc müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır.

S.Nəsirovun çıxışının icmalı Misirin “gomhuriaonline.com”, “alwafd.news”, “almasryalyoum.com”, “aldiplomasy.com”, “elalmelarby.com”, “alan-eg.com”, “nahr-alamal.com”, “raiaam.com”, “alarb24.com” və digər qəzet və portallarında dərc olunub.

Redaktor.az

222