"Bu çirkin fəaliyyət beynəlxalq hüquqa ziddir və buna son qoyulmalıdır" - Polkovnik

 15:27 25.10.2024     423

Müasir dövrdə sosial-siyasi təhlükələrə nəhəng iqlim təhlükəsi də əlavə olunub. İqlim dəyişikliyi bəşəriyyətin sağ qalmasının asılı olduğu ekzistensial problemdir. Davam edən istiləşmənin nəticələri XXI əsrin sonuna qədər bütün bəşəriyyət üçün fəlakətli olacaq. Təsadüfi deyil ki, 1988-ci ildə BMT-nin qərarı ilə iqlim dəyişikliyi üzrə illik konfrans təsis edilib. Bu mötəbər tədbirdə planetimizdəki iqlim dəyişikliyi müzakirə olunur və bu prosesə təsir imkanları müəyyənləşdirilir. Noyabrda isə COP29 Azərbaycanda keçiriləcək və bu qərarı 198 ölkə yekdilliklə dəstəkləyib.

Bu fikirləri Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev COP29-un yüksək səviyyədə təşkili üçün səylərini əsirgəmir. İl ərzində respublikada müxtəlif istiqamətlərdə çox böyük işlər görülüb. Azərbaycan hazırkı iqlim böhranının aradan qaldırılması strategiyasını müəyyən etmək üçün qonaqların, aparıcı ekspertlərin gəlişini səbirsizliklə gözləyir. Bütün göstəricilərə görə, COP29 davamlı və ekoloji cəhətdən təmiz inkişaf yolunda mühüm addım ola bilər.

COP29 ərəfəsində Azərbaycana qarşı görünməmiş siyasi təxribatların başlandığını və mənfi media kampaniyalarının gücləndiyini bildirən polkovnik əlavə edib:

“Təəssüflər olsun ki, bir sıra aparıcı dövlətlərin siyasətçiləri qlobal erməni diasporunun ardınca getdilər, Azərbaycanda söz azadlığının və insan haqlarının pozulmasını iddia etməyə başladılar. Belə ki, ABŞ Konqresinin 60 üzvü dövlət katibinə üz tutaraq Azərbaycana sanksiyalarla təzyiq göstərməyi tələb ediblər. AŞPA Azərbaycanda insan haqları və demokratiya ilə bağlı uydurma halları pisləyib. Bəzi ölkələrin parlamentlərində saxta arqumentlər əsasında Azərbaycan əleyhinə qətnamələr qəbul edilib, əsassız iddialar təsdiqlənib. Bəzi ölkələrdə Azərbaycanın nüfuzuna xələl gətirmək üçün erməni lobbisinin təsiri altında yalan, dezinformasiya xarakterli anti-Azərbaycan kampaniyaları həyata keçirilir. Bu çirkin fəaliyyət beynəlxalq hüquqa ziddir və buna son qoyulmalıdır. Hər kəs bilməlidir ki, bədxahların bütün yalan və təxribatlarına baxmayaraq, Azərbaycan COP29 konfransını yüksək səviyyədə keçirəcək, qlobal ekoloji böhranının həllinə böyük töhfə verəcək”.