"Qadın da heyvan kəsə bilər" - İlahiyyatçıdan maraqlı AÇIQLAMA

 14:14 28.10.2024     625

“Bir yanlış ənənə var ki, guya, qadınlar, yaxud sünnət olunmamış yeniyetmələr heyvan, toyuq kəsə bilməzlər. Bu, tamamilə yanlış inancdır”.

Redaktor.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.

Onun sözlərinə görə, insanlar inanır ki, heyvanı kişi kəsməlidir:

“Bir də görürsən, qadın əlində bir toyuq, qaz yaxud hind toyuğu yolda dayanıb keçənlərdən xahiş edir ki, onu kəssinlər. Bəlkə, yoldan saxladıb heyvanı kəsdirdiyi adam heç müsəlman deyil, yaxud ateistdir. Bəs onda necə? Qadın adamdan hələ üstəlik soruşmalıdır ki, “qardaş, soruşmaq ayıb olmasın, sən müsəlmansan?” və ya “kəlimeyi - şəhadətini bilirsən?”.  Təbii ki, bunu soruşmurlar. Niyə yalnız kişinin heyvan kəsə biləcəyinə inanılır? Burada məqsəd inancdırsa, əslində icraçının kişi, qadın, yaxud uşaq olması yox, dini, əqidəsi rol oynamalıdır. Dinimizdə heyvanı kişinin kəsməsinin vacib olması, yaxud qadının kəsməsinin yasaq olması göstərişi yoxdur”.

 İlahiyyatçı qeyd etdi ki, sadəcə kişi olan yerdə bu kimi işlərin qadın və ya uşaq tərəfindən icra edilməsi məqbul sayılmır:

“Çünki belə işlərin icrası ürfə görə kişilərə xasdır. Ancaq kişinin hazır olmadığı məqamda qadın, yaxud sünnət olunmamış yeniyetmə də heyvan kəsə bilər. Buna heç bir qadağa yoxdur. Heyvan kəsərkən vacib olan şərtlər kəsənin Allahın adı ilə qibləyə tərəf kəsməsidir. İcraçının qadın, kişi, yeniyetmə, sünnət olunmuş, yaxud olunmamış olması şərt deyil. Təəssüf ki, belə bir yanlış ənənə formalaşıb ki, guya, kişilər yalnız sünnət olunandan sonra müsəlman olur. Bu da tam cəfəngiyyat və xurafi inancdır. Adam qəlbi və dili ilə iman gətirir, cinsiyyət orqanı ilə deyil. Sünnət olunmaq vacib deyil. Sadəcə peyğəmbərlərdən qalma adətdir və müəyyən iqlim şəraitlərinə görə tibbi cəhətdən tövsiyə olunub”.

T.İrfan bildirdi ki, heyvan kəsmə kimi məsələlərdə adamın sünnətli olub-olmaması, qadın ya kişi olmasının rolu yoxdur:

“Əsas odur, işi bacaran olsun. Düzgün kəssin, heyvana əziyyət verməsin, Allaha inanan olsun. Yalnız Allahın adını çəkərək qibləyə tərəf tutub kəssin və qanın tam axmasını təmin etsin. Ancaq dəvə, inək, camış kimi böyük başlı heyvanların kəsilməsi bir və ya bir neçə adamın fiziki gücünü tələb etdiyi üçün belə işləri mümkün olduğu qədər gərək kişilər icra etsin. Qadınlar yalnız ehtiyac yarandığı zaman belə işləri icra edə bilər” (sfera.az).