"Azərbaycanda ömür müddəti aşağı düşür" - AÇIQLAMA

 15:12 04.11.2024     535

"Sovet dövründə Azərbaycan xalqı uzunömürlülərin sayına görə, ümumiyyətlə, əhalinin orta yaşayış müddətinə görə dünyada ilk sıralardaydı. Ancaq son 20-30 ildə bunun əksini görürük".

Bu sözləri Redaktor.az-a sosioloq Elçin Bayramlı uzunömürlülüyə görə Azərbaycanın son pillələrdə olmasını şərh edərkən dedi. Onun sözlərinə görə, insan ömrünün azalmasının bir çox səbəbləri var.

"Qruplaşdırsaq, iki ana səbəbi var: biri sosial-iqtisadi səbəblər, digəri psixoloji səbəblərdir. Sosial, iqtisadi səbəblərin içində ilk yeri təbii ki, qidalanma tutur. Çünki məşhur frazada deyildiyi kimi, biz nə yeyiriksə, oyuq və ondan formalaşırıq. Son dövrlərdə qidalarımız tamamilə süniləşib, gemollaşıb, genetik motivikasiya məruz qalıb. Bazar, dükan, saxta məhsullarla dolub, yəni qida terroru gedir. Orqanizmin məhv olunmasına səbəb olan açıq şəkildə bir çox qidalar satılır. Bazar və dükanlarda bu iqtisadi səbəblərin əsaslarından biridir. Digər dolayı təsirlər də var. Bu tibbi xidmət dərmanların keyfiyyəti, yaşayış şərtlərinə bağlıdır. Burada ev şəraiti, iş şəraiti kimi bir çox faktorların da təsiri var.

Psixoloji səbəbə gəldikdə, son dövrlərdə sosial-iqtisadi sistemindən, kapitalist sisteminə keçəndən sonra çox ciddi problemlər yarandı. Sosial müdafiədə, əmək və iş şəraitində stress artdı. Cəmiyyətdə həddindən artıq psixoloji gərginlik baş verdi. İşsizlik, evsizlik, yoxsulluq səbəbindən insanlar aqressivləşdi stress altında yaşamağa başladılar. Hər tərəfdən mənəvi terrora, psixoloji depressiyalara məruz qaldılar. Bütün bunlar hamısı birlikdə səbəblərin yarısını təşkil edir. Yəni psixoloji səbəblər stress, psixoloji yüklənmə və qayğılarının artması, gələcəkdən əmin olmamaq, yaşayışını təmin etmək üçün mübarizə aparmaq cəmiyyətdə çox ciddi bir problemə gətirib çıxarır".

Sosioloq qeyd etdi ki, sağlam cəmiyyətin formalaşması üçün mütləq şəkildə xüsusi bir dövlət siyasəti olmalıdır.

"Burada sağlamlığı təmin edən vasitələr üzərində çox ciddi nəzarət olmalıdır. Bura qidalar, dərmanlar və dövlət tərəfindən əmək şəraiti daxildir. Zərərli sahədə işləyənlər çoxdur. İnsanlar normal evlərdə yaşamalıdır. Ətrafda ekoloji təsirə məruz qalma da buna təsir göstərir. Havanın çirklənməsi, torpağın zəhərlənməsi, dərmanlarla suyun çirklənməsi, şüa yayan texniki vasitələrin, mobil telefonların, radioların, televiziyaların, peyklərin, internet yayımlarının hamısı ətrafımızda bir şüa okeanı yaradır, sanki onun içində yaşayırıq. Üstəlik, insanın artıq yaşayış üçün daha gərgin mühitə düşməsi baş verib. Əvvəllər daha sadə, rahat, indi sürətli proseslər, iş gedir. Xüsusi bir dövlət siyasəti olmalıdır ki, əhalinin mənəvi və fiziki sağlamlığının təmin olunması qorunması təmin olunsun. Bu proqram üzrə bütün dediyim sahələrə nəzarət olunmalıdır. Əks halda getdikcə, ömür müddəti aşağı düşəcək, xəstəliklərin sayı kəskin artacaq. Belə bir halda dövlətin, sosial, səhiyyə yükü artır, əmək qabiliyyətli insanlar azalır. Bu, milli təhlükəsizlik, eyni zamanda, dövlət təhlükəsizliyi məsələsidir. Parlamentdə mütəxəssislərin iştirakından belə bir proqram hazırlanmalıdır və ciddi şəkildə bu məsələnin üzərinə düşülməlidir. Əks halda ildən-ilə bu sahədə vəziyyət pisləşir, yaxın gələcəkdə də daha da pis olacaq".

Türkan İSGƏNDƏRLİ