GECF COP29 çərçivəsində nazirlər görüşü KEÇİRƏCƏK

 18:55 07.11.2024     269

Qaz İxrac Edən Ölkələr Forumu (GECF) Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dayanıqlı inkişaf üçün təbii qaz” mövzusunda nazirlər görüşü keçirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə GECF-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Məlumata görə, müzakirələr "mavi zona"da baş tutacaq.

“Noyabrın 15-də keçiriləcək müzakirələrdə dayanıqlı inkişafa nail olmaq və qlobal enerji problemlərinin həllində təbii qazın strateji rolu barədə fikir mübadiləsi aparmaq üçün GECF-ə üzv ölkələrin nazirləri və yüksək səviyyəli nümayəndələri iştirak edəcək”, - paylaşımda qeyd edilib.

Görüş ədalətli və balanslaşdırılmış enerji keçidinə dair yolların tapılmasına həsr olunacaq.

Qaz İxrac Edən Ölkələr Forumu beynəlxalq hökumətlərarası təşkilatdır. GECF-in tam üzvləri Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, BƏƏ və Venesueladır. Təşkilatda müşahidəçi statusuna malik ölkələr Anqola, Azərbaycan, İraq, Malayziya, Mavritaniya, Mozambik, Peru və Seneqaldır.

Qeyd edək ki, 2001-ci ildə yaradılmış GECF üzv ölkələri, qlobal təsdiqlənmiş təbii qaz ehtiyatlarının 72 %-ni, bazara çıxarılan istehsalın 43 %-ni, boru kəməri ilə ixracın 55 %-ni və mayeləşdirilmiş təbii qaz (LNG) ixracının 50 %-ni əhatə edir.