Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və SOCAR Green arasında memorandum İMZALANDI

 09:25 15.11.2024     232

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və SOCAR Green arasında ölkənin su ehtiyatlarının idarə olunmasında enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji layihələrinin tətbiqinin genişləndirilməsi məqsədi ilə Anlaşma memorandumu imzalanıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, memorandum Agentliyin əməliyyatlarında enerji istehlakı üzrə diaqnostikanın aparılması, ixtisaslaşmış dəstək üçün texniki məsləhətçilərin cəlb edilməsi, su ehtiyatlarının idarə olunması zamanı enerji səmərəliliyi tədbirlərinin və bərpa olunan enerji təşəbbüslərinin həyata keçirilməsi üçün yol xəritəsinin hazırlanması istiqamətində əməkdaşlıq edilməsi nəzərdə tutur.

Memorandum həmçinin Azərbaycanın milli, davamlı və dayanıqlı gələcək hədəflərini dəstəkləyəcək yeni layihələrinin tədqiqində hər iki qurumun ortaq marağını vurğulayır.