Qarabağda bu qədər iş yeri YARADILIB

 15:16 30.11.2024     93

Qarabağ iqtisadi rayonunda bu ilin III rübündə 617 yeni iş yeri yaradılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə (129,4%) çoxdur. Belə ki, 2023-cü ilin III rübündə Qarabağ İqtisadi Rayonunda 269 yeni iş yeri yaradılmışdı.

Hesabat dövründə iş yerlərinin 194-ü Xankəndidə, 25-i Ağcabədidə, 70-i Ağdamda, 5-i Ağdərədə, 44-ü Bərdədə, 33-ü Füzulidə, 48-i Xocalıda, 16-sı Xocavənddə, 92-si Şuşada, 90-ı Tərtərdə yaradılıb.

Bu ilin 9 ayında Qarabağ İqtisadi Rayonunda 1171 yeni iş yeri açılıb. Ötən ilin eyni dövründə bu göstərici 742-yə bərabər olub. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında sözügedən ərazidə yeni iş yerlərinin sayı 429 ədəd və yaxud 57,8% artıb.

Cari ilin 9 ayında Qarabağ İqtisadi Rayonunda yeni açılmış iş yerlərinin 209-u Xankəndidə, 92-si Ağcabədidə, 173-ü Ağdamda, 9-u Ağdərədə, 54-ü Bərdədə, 70-i Füzulidə, 51-i Xocalıda, 30-u Xocavənddə, 324-ü Şuşada, 159-u Tərtərdə yaradılıb.