Dilçilik sahəsində beynəlxalq layihə həyata keçirildi - FOTO
Azərbaycan Dillər Universiteti dilçilik sahəsində daha bir mötəbər beynəlxalq layihəni həyata keçirib.
Redaktor.az xəbər verir ki, ötən tədris ilinin fevral-may aylarında ADU-nun magistratura səviyyəsi üzrə təhsil alan bir qrup tələbəsinə Pakistanın Kompüter və İnkişaf etməkdə olan Milli Elmlər Universitetinin birgə razılaşması əsasında 45 saatlıq təlim təşkil olunub. Təlim Sənaye Əlaqələri və Rəqəmsal Media şöbəsinin direktoru Dr. Aamir Wali və Dr.Summaira Safraz tərəfindən keçirilib. Təlimin Azərbaycan tərəfindən təşkilatçısı Beynəlxalq əlaqələr üzrə prorektor dosent Jalə Qəribova və Magistratura şöbəsinin müdiri dosent Firuzə Rzayeva olub.
Təlimin əsas məqsədi əmək bazarına müasir mütəxəssis hazırlığında Kompüter dilçiliyi, dil və texnologiyanın kəsişməsində yeni yönlər, həmçinin tək dilin öyrənilməsi və ya istifadəsi deyil, həm də milli dillərin qlobal rəqəmsal mühitdə qorunması və inkişaf etdirilməsi üsullari, müasir dil texnologiyalarının inkişafı, süni intellekt və dil emalı sahəsində əldə olunan nailiyyətlərin müzakirəsi, eləcə də Azərbaycan dilinin rəqəmsal mühitdə möhkəmləndirilməsi idi. Həmçinin onlara müstəqil olaraq tərcümə proqramlarının inkişafı və optimallaşdırılması, Azərbaycan dilinin süni intellekt sistemlərinə inteqrasiyası, dil texnologiyalarında dərin öyrənmə modellərinin tətbiqi və korpus dilçiliyinin dilin əsas hissəsi olduğu, dilçilik üzrə müxtəlif aspektləri, multimodal dil emalı,bəzi xüsusi dil proqramları, həmçinin hesablama dilçiliyinin incəlikləri ətraflı tədris olunub.
Təlimdə yerli ve beynəlxalq alimlərin təcrübədən müqayisəli şəkildə faydalanmaq üçün geniş imkanlar yaradılıb. Təlimin yekunu olaraq sertifikatların təqdim olunmasında professor Dr. Aamir Vali Azərbaycan Dillər Universitetinin qonağı olmuş ve qeyd etmişdir ki, magistratura səviyyəsi üzrə təhsil alan tələbələrin bu sahədə olan potensialını yüksək qiymətləndirir, gələcəkdə birgə layihələr üçün əməkdaşlıq niyyətində olduqları vurğulandı. Onun sözlərinə görə, kompüter dilçiliyi sahəsində ADU-da çox böyük imkanlar mövcuddur və bu tədbir həmin potensialı üzə çıxarmaq üçün başlanğıc addım hesab olunur. Süni intellekt, texnologiya və dilçilik sahəsində ADU-nun mövqeyini gücləndirmək və gələcəkdə daha genişmiqyaslı layihələrə imza atmaq üçün mühüm əhəmiyyət kəsb edir.