Azərbaycanda elektrik təchizatı islahatları və biznes mühitinin inkişafı

 10:29 09.12.2024     206

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Elektrik Təchizatı Şəbəkələrinə Qoşulma İşçi Qrupunun təşəbbüsü ilə həyata keçirilən islahatlar Azərbaycanın enerji sektorunda mühüm dəyişikliklərə səbəb olmuşdur. Bu islahatlar əsasən prosedurların sadələşdirilməsi, xidmət keyfiyyətinin artırılması və şəffaflığın təmin edilməsinə yönəlmişdir. "Azərişıq" ASC isə texniki infrastrukturun yenilənməsi, rəqəmsallaşma və xidmət keyfiyyətinin artırılması sahəsində fəal işlər aparır. Qeyd oluna tədbirlər beynəlxalq investorlar üçün cəlbedici mühit yaradaraq iqtisadi inkişafı dəstəkləyir.Qurumların təşəbbüsü ilə prosedurların sadələşdirilməsi, şəffaflığın artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Xüsusilə, 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərar ilə təsdiq edilən qaydalar tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulmasını daha sürətli və səmərəli etmişdir.

Bu qərara əsasən, elektrik enerjisi təchizatı üçün seçilən trassanın razılaşdırılması prosesi sadələşdirilmiş və müvafiq qurumlar tərəfindən 3 gün ərzində münasibət bildirilməsi tələb edilmişdir. Müddət keçdikdən sonra münasibət bildirilmədiyi halda məsələ avtomatik olaraq razılaşdırılmış hesab edilir. Bu yanaşma sahibkarların layihələrinin həyata keçirilməsini sürətləndirir və bürokratik maneələrin qarşısını alır.

"Elektrik enerjisindən istifadə Qaydaları" çərçivəsində istehlakçı hüquqlarının qorunması istiqamətində də mühüm addımlar atılmışdır. Enerji təchizatı zamanı baş verən qəzalar nəticəsində istehlakçılara dəyən ziyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Enerjitəchizatı müəssisəsi istehlakçının müraciətinə ən gec 10 gün ərzində cavab verməli və ziyanı ödəməlidir. Bu yanaşma istehlakçı məmnuniyyətini artırır və təchizatçı müəssisələrin məsuliyyətini gücləndirir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, tikinti-quraşdırma işləri, elektrik və istilik qurğularının texniki istismarı sahəsində fəaliyyət göstərən şəxslər və qurumlar üçün xüsusi razılıq (lisenziya) tələb olunur.

“Lisenziyalar və icazələr haqqında” Qanunun 1 nömrəli əlavəsinin 18-ci bəndi, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin yalnız lisenziya çərçivəsində həyata keçirilməsini tələb edir. Bu, tikinti sahəsində təhlükəsizlik standartlarının yerinə yetirilməsini təmin edərək, layihələrin düzgün və təhlükəsiz həyata keçirilməsinə zəmanət verir.

Nazirlər Kabinetinin 2019-cu il 520 nömrəli Qərarının 1.1.2.5 yarımbəndi, elektrik qurğularına texniki xidmət göstərən və digər əlaqəli fəaliyyətləri həyata keçirən fərdi sahibkarlara müvafiq bilik və təhlükəsizlik qruplarına sahib olmağı və qanunvericiliyə uyğun olaraq biliklərinin yoxlanılmasından keçmələrini tələb edir. Bu tələblər, mütəxəssislərin və fərdi sahibkarların işlərini yüksək keyfiyyətlə və təhlükəsizlik standartlarına uyğun yerinə yetirmələrini təmin edir.

Nazirlər Kabinetinin 2002-ci il 174 nömrəli Qərarının 45.1-ci bəndi, xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növləri üçün əlavə şərtlər müəyyən edir. Bu əlavə şərtlər, fəaliyyətin təhlükəsiz və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin etmək məqsədini daşıyır, həmçinin bu sahədə fəaliyyət göstərən müəssisələrin tələblərə uyğunluğunu yoxlamağa yönəlib.

Bu qaydalar, iqtisadi fəaliyyətin şəffaflığını artırır və təhlükəsizliyini təmin edir. Eyni zamanda, həm sahibkarların, həm də cəmiyyətin maraqlarını qorumağa xidmət edir. Nəticədə, iqtisadi inkişafı dəstəkləyir və ölkənin enerji sahəsində daha stabil və rəqabətədavamlı bir bazar yaratmaq məqsədinə xidmət edir.

Emin Qəribli,

iqtisadçı ekspert