Şirvan şəhərinin su təchizatı və kanalizasiya şəbəkəsi yenidən qurulur - VİDEO
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə bağlı hazırda Şirvan şəhərində də su təchizatının və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir.
Bu barədə Redaktor.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Məlumata görə, şəhərin küçə və prospektlərində müxtəlif diametrli istismar müddətini başa vurmuş su və kanalizasiya xətləri yeniləri ilə əvəz olunur. Bunun üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Şirvan şəhər Sukanal İdrəsi tərəfindən hər il olduğu kimi 2024-cü ildə də bir sıra işlər həyata keçirilib. Belə ki, şəhərin küçə və prospektlərində qəzalı vəziyyətdə olan su xətləri təmir edilib və mövcud çatışmazlıqlar aradan qaldırılıb.
Şirvan şəhərində sayğaclaşdırma işləri aparılır. Köhnə xətlər yeniləri ilə əvəz olunur. Su itkisi demək olar ki 50 faiz aşağı endirilib. Hazırda su itkiləri şəhər üzrə 27-30 faiz təşkil edir. Şirvan şəhərində su itkilərinin minimum endirilməsi hədəflənir.
İl ərzində su xətlərində 1627, kanalizasiya xətlərində isə 1472 qəza baş verib ki, bunların da qarşısı vaxtında alınıb. Ümumiyyətlə, şəhər ərazisində baş verən bütün qəzalar dərhal aradan qaldırılır.
2024-cü il ərzində layihənin davamı olaraq şəhərdə əsasən, “Köhnə şəhər” yaşayış massivinin Şıxbalaoğlu, 1 May, İsmət Qayıbov, Səməd bəy Mehmandarov, Nizami Gəncəvi, Həzi Aslanov, Seyid Əzim Şirvani, Şirin Şükürov və digər küçələrini əhatə etməklə 14160 paqonometr müxtəlif diametrli yeni su xətti, H. Əliyev prospekti ilə paralel ictimai-iaşə obyektlərinin qarşısında və digər küçələrdə, ümumilikdə 224 paqonometr 150 mm-lik, 1997 paqonometr 200 mm-lik, 2294 paqonometr 300 mm-lik yeni kanalizasiya xətləri çəkilib, 316 ədəd kanalizasiya baxış quyusu inşa edilib. Bundan başqa 1122 ədəd mexaniki sayğac quraşdırılıb. Görülən işlər zamanı qazılmış asfalt örtüyünün 9205 kvadratmetri bərpa edilib. Su təchizatı və kanalizasiya şəbəkələri yenidən qurulan ərazilərdə əhaliyə göstərilən xidmətin keyfiyyəti yaxşılaşdırılıb.
Hazırda Şirvan şəhərində M.F.Axundov, Məhəmməd Əsədov, Şəhidlər, Şirvan küçələrində 488 abonentə su və kanalizasiya xətlərinin çəkilişi davam edir. Şəhərin digər hissəsində İsmət Qayıbov, Şirin Şükürov, Gülbala Şıxbalaoğlu küçələrində 1800 abonentə su xətlərinin çəkilişi başa çatdırılıb.
Qeyd edək ki, Şirvan şəhər Sukanal İdarəsinin xidməti ərazisində 1 ədəd nasosxana fəaliyyət göstərir ki, həmin nasosxananın sazlığı daim diqqətdə saxlanılır.