Uşaq və gənclərin idmana marağı niyə azdır? - "Parklarda idman alətləri var, ancaq istifadə edən azdır"
Sağlam gələcək üçün, sağlam və savadlı gənclərə ehtiyac var. Bunun üçün onlara uşaqlıqdan düzgün tərbiyə verib, inkişafına dəstək olmaq lazımdır. Ona görə valideynlərin və cəmiyyətin də üzərinə böyük məsuliyyət düşür.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Razi Nurullayev bildirdi ki, uşaqların həm fiziki, həm də psixoloji inkişafı üçün yaradılmış şəraitdən maksimum istifadə etmək vacibdir. Onun fikrincə, gənclər idmana, təhsilə və şəxsi inkişafına daha çox önəm verməli, aktiv həyat tərzi keçirməlidir:
"Uşaq və gənclərin fiziki və psixoloji cəhətdən düzgün inkişafı üçün dövlət tərəfindən demək olar ki, bir çox addımlar atılıb. Ona görə də artıq insanlarımızın, gənclərimizin də bu məsələlərə diqqət yetirməsi vacibdir. Demək olar ki, bütün parklarda idman alətləri qoyulub, hətta mən onu bir çox rayonlarda da görmüşəm. Yəni insanlar sərbəst şəkildə gedib orada idman edə bilərlər. Bakı şəhərində və bütün rayon mərkəzlərində gözəl parklar var. O parklarda velosiped sürmək, skuter sürmək, qaçmaq, idman etmək, təbiətdən zövq almaq üçün bütün şərait var və onların hamısında da pulsuz idman alətləri quraşdırılıb. O baxımdan bunlardan insanların daha çox istifadə etməsini istəyərdim. Təəssüflər olsun ki, mən bunu görə bilmirəm. Əlavə olaraq demək olar ki, əsas rayon mərkəzlərinin hamısında Olimpiya mərkəzləri də tikilib və burada pulsuz, ya pullu xidmətlər göstərilir. Pullu xidmətlərin belə qiyməti azdır. Sadəcə istək lazımdır. Amma nədən irəli gəlir, bilmirəm. İnsanlarımızın daha çox restoran və kafelərə maraqları var. Azərbaycanın istənilən kafe və restoranlarında insanlardan yer yoxdur. Kiməsə istirahət edək, gəzməyə gedək deyəndə belə, ağlına yemək gəlir. Düşünür ki, gedib bir 10 dəqiqə gəzib, sonra yenə oturub haradasa yemək yeməliyəm. Amma başqa ölkələrə gedəndə mən xüsusən qadınları görürəm ki, parklarda, şəhərin ortasında, küçələrdə qaçırlar, idman edirlər, yaxud velosiped sürürlər. Amma bizdə bu ənənə hələ ki, yaxşı inkişaf etməyib. Bizdə qaçan adamlar 1-2 nəfər, xüsusən də yaşlılardır. Həkimlər məsləhət görüb ki, ürəyinizin sağlam qalması üçün sizə gəzmək lazımdır. Uşaqlar, insanlar könüllü olaraq idman etməlidir. Gəzmək, qaçmaq, dağlara getmək, trekinq, haykinq, velosiped sürmək kimi müəyyən fəaliyyətlərlə məşğul olmalıdır".
Deputat vurğuladı ki, psixoloqa getməyi ağılsızlıq və ya dəlilik kimi görənlər var:
"Halbuki psixoloqa müraciət etmək bir həyat tərzidir və bu, insanların problemlərini həll etməkdə yardımçı ola bilər. Bizdə psixoloji inkişaf və psixoloji yardım məsələləri ilə bağlı müəyyən addımlar atılır. Universitetlərimizdə psixoloji fakültələr ki, orada psixoloqlar yetişir. Amma bizim insanlarımızda psixoloqa getmək sözü bir az dəlilik, ağılsızlıqla əlaqələndirilir. Ona görə insanlar psixoloqa gizli şəkildə gedirlər. Amma psixoloqa getmək bir həyat tərzidir. İnsanlar, eləcə də uşaqlar müxtəlif çətinliklər, əziyyətlər, problemlərlə üzləşirlər. Dərd-sərlərini unutmaq, bir az yüngülləşmək, ürəklərindəki dərdi atmaq üçün psixoloqun məsləhətinə ehtiyac duyurlar. Amma heç kim getmir ki, deyərlər, adam dəli olub. Bizdə hələ ki, bu ənənələr oturuşmuyub. Valideynlər də uşaqlarını mütəmadi psixoloq yanına aparmalıdırlar. Çünki uşaqlar hər zaman dərdini valideynə deyə bilmir".
Psixoloq Aydan Nəzərova isə qeyd etdi ki, hər bir insanda xronoloji, intellektual və emosional yaş sferası önəmli rol oynayır.
"Hər bir insanda üç yaş sferası önəmli önəm kəsb edir. Bunlar xronoloji yaş, intellekt, yaşı və emosional yaşı olaraq qeyd edilir. Xronoloji yaş, onun şəxsiyyət vəsiqəsində qeyd olunan yaşıdır, intellektual, zəka yaşı və emosional yaşı da bir növ davranış yaşı kimi nəzərdə tutulur. Məsələn, bəzən olur ki, baxırsız, şəxsin 15 yaşı var, ancaq özünü 5 yaşında və yaxud tam əksi aparır. Emosional yaş isə onun ruh yaşıdır. Ümumiyyətlə, uşaq, yeniyetmə, gəncləri hər hansı bir sahəyə istiqamətləndirmək üçün ilkin olaraq uşaqlıq dövründən başlamaq lazımdır. Uğur qazanmaq üçün uşaqlıq dövrünü müəyyən etmək lazımdır ki, onun bacarığı, biliyi hansı səviyyədə hansı sahəyə uyğundur. Məsələn, dil inkişafına yönləndirmək üçün 6 yaşla 15 yaşındakı uşağın beyni arasında çox fərq var. Bəzən valideynlər öz arzu və istəklərinə uyğun olaraq deyir ki, uşaqlarını həkim, müəllim, iqtisadçı kimi sahələrə istiqamətləndirirlər. Ancaq uşaq o peşəni sevmir, özünü xoşbəxt hiss edə bilmir. Daha sonra məcbur o işi işləməlidir, çünki oxuyub, diplomunu alıb. Amma bir müddət sonra depressiyaya düşə biləcək, özünə qapanacaq, çünki sevmədiyi bir mühitdə, sevmədiyi işdə çalışır. Amma tam əksi olarsa, həmin insan uğurlar qazanacaq, inkişaf edəcək. Uşaqların düzgün tərbiyəsi üçün onun telefon, kompüterlə istifadəsinə nəzarət etmək lazımdır. Adi "YouTube"də hansısa videoya baxanda, o, digərlərinə də daxil ola bilər", - deyə mütəxəssis qeyd etdi.
Psixoloq əlavə etdi ki, uşaqların fiziki inkişafına uyğun idman növlərinə yönləndirilməsi də mühümdür:
"Uşaqların tipi, fiziki inkişafına görə, idman növləri var. Hiperaktiv uşaqlardırsa, basketbol, futbol, üzgüçülük kimi oyunlar daha yaxşı seçimdir. Qız uşaqları tennis, üzgüçülük, voleybola yönləndirilə bilər. Ancaq idman növü seçərkən, uşağın sağlamlıq dərəcəsini ölçmək lazımdır. Məsələn, futbol 90 dəqiqədir və dayanmadan qaçış tələb edir. Ağciyər, ürək bu hallarda daha çox işləmək məcbüriyyətində qalır. Ola bilər ki, onu sevir, amma sağlamlıq yol vermirsə, qoymaq olmaz. Bəzən valideynlər uşaqları digərləri ilə müqayisə edirlər və ya öz uşaqları arasında fərq qoyurlar ki, niyə birinci uşağım daha savadlıdı, ikinci yox. Anlamaq lazımdır ki, bizim beş barmağımız bir biləkdən çıxır, amma hamısı eyni uzunluqda deyil. Uşaqlar da həmçinin elədir. Valideynlər uşaqları yaxından tanımalıdırlar, lazım gələrsə, mütəxəssislərə müraciət etməlidirlər".
Türkan İSGƏNDƏRLİ
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusunda dərc olunub.