Bakıda “Media Savadlılığı” konfransı keçirildi - FOTO

 11:52 17.12.2024     173

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrın, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə keçirilən “Media Savadlılığı” Həftəsi çərçivəsində 17 dekabr 2024-cü il tarixində müxtəlif qurumların rəsmilərinin, sahə üzrə yerli və xarici ekspertlərin və 500 nəfərə yaxın Azərbaycan könüllüsü və gəncinin iştirakı ilə “Media Savadlılığı” Konfransı keçirilib.

Redaktor.az xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media savadlılığının artırılmasının kifayət qədər miqyaslı və cəmiyyətin bütün seqmentlərini əhatə edən davamlı proses olduğunu, dövlət qurumlarının, medianın və cəmiyyətin ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasının və effektiv kommunikasiyasının vacibliyini, medianın məzmun istehsalında peşəkarlığının yüksəldilməsinin bu istiqamətdə mühüm əhəmiyyət daşıdığını bildirib:

“Bu, bir tərəfdən media təhsilinin təkmilləşdirilməsini, digər tərəfdən media savadlı istehlakçıların yetişdirilməsini ehtiva edir. Beynəlxalq təcrübədə ölkələr tərəfindən media savadlılığının artırılması istiqamətində ən çox istifadə edilən strategiya mövzunun bir çox səviyyələrdə tədris sisteminə daxil edilməsi və bununla bağlı koordinasiyalı tədbirlərin görülməsidir.
Belə ki, müvafiq maarifləndirici internet saytlarının yaradılması, media savadlılığı strategiyalarına uyğun olaraq məsul qurumlar tərəfindən hazırlanan və mütəmadi yenilənən milli nəşrlərin əhali tərəfindən mənimsənilməsi və həm nəzəri, həm də təcrübi olaraq bacarıqların təkmilləşdirilməsi diqqətdə saxlanılan istiqamətlərdəndir.
Mahiyyətinə görə media savadlılığını İKT-nin sürətli inkişafı ilə müşayiət olunan tendensiyalardan kənarda təsəvvür etmək mümkün deyildir, bu baxımdan informasiyaya tənqidi münasibət rəqəmsal savadlılıqla bilavasitə əlaqədar fenomen kimi nəzərdən keçirilməlidir”.

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov çıxışında media savadlılığının ehtiyac duyulan məlumatı tapmaq, qiymətləndirmək və ondan səmərəli istifadə etmək bacarığı olduğunu diqqətə çatdırıb. O bildirib ki, informasiyanı anlamaq, tənqidi düşünmək, jurnalistikanın prinsiplərini mənimsəmək, medianın necə fəaliyyət göstərdiyini başa düşmək, mediada yayılan məlumat və hadisələrin heç də həmişə reallığı əks etdirmədiyinin fərqində olmaq media savadlılığının əsasını təşkil edir: “Dünya üzrə orta gündəlik sosial media istifadəsi 145 dəqiqədir, informasiyadan düzgün istifadə nəinki jurnalistlər üçün eyni zamanda hər kateqoriyadan insan üçün olduqca böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə media savadlılığının hər bir insanın təhsilində özünə yer alması çox mühümdür”.

Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun sədri Lətifə Axarbaş isə müasir dövrdə elektron informasiya cəmiyyətinin sürətlə genişlənməsi və rəqəmsal mühitdə məlumatlara asan çıxışın təmin edilməsi ilə əlaqədar auditoriyanın xəbərin doğru və etibarlı tərəfini müəyyənləşdirməkdə çətinliklərlə üzləşdiyini vurğulayaraq, media savadlılığının artırılmasının əhəmiyyətindən danışıb.

Daha sonra cari ilin iyul ayında keçirilmiş 2-ci Şuşa Qlobal Media Forumunda dezinformasiya və media savadlılığı ilə bağlı səsləndirilən fikirlərin yer aldığı videoçarx təqdim edilib.

Sonda Prezident mükafatçısı və texno-bloqer Tariyel Ağazadə dezinformasiyanın aşkarlanması ilə bağlı “Tools and Techniques” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda müasir dövrün ən böyük problemlərindən biri olan saxta xəbərlərin müəyyən edilməsi üçün istifadə olunan texnologiya və metodlar auditoriyanın diqqətinə çatdırılıb.

“Ənənəvi “Media Savadlılığı” Konfransı keçirilib“Ənənəvi “Media Savadlılığı” Konfransı keçirilib“Ənənəvi “Media Savadlılığı” Konfransı keçirilib“Ənənəvi “Media Savadlılığı” Konfransı keçirilib