“Qərbi Azərbaycanın tarixi və mədəni irsi” mövzusunda tədbir keçirilib
Dekabrın 3-də Azərbaycan Dillər Universitetində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları gənclər ictimai birliyi tərəfindən “Gənclər arasında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin müasir informasiya metodları ilə təbliği” adlı tədbir keçirilib.
Təşkilatdan verilən məlumata görə, tədbirdə çıxış edən layihə rəhbəri Vüsalə Hümbətli bildirib ki, Qərbi Azərbaycanın tarixi və mədəni irsinin təbliğ olunmasında arxiv sənədlərinə, xəritələrə eləcədə tarixi sənədli filmlərə istinad etməklə gerçək tarixi faktları üzə çıxarmaq onları gənclər arasında təbliğ etmək tədqiqatçıların prioritet vəzifəsi olmalıdır.
Daha sonra o, Azərbaycan türklərinə, onların toponimlərinə və qədim abidələrinə qarşı erməni vandalizmini elmi araşdırmalarla ifşa etməyin vacib olduğunu vurğulayıb. Natiq eyni zamanda Qərbi Azəbaycan tarixinin müasir informasiya metodları ilə təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru, Rasim Rzayev Qərbi Azərbaycanın tarixi və mədəni irsinin daha dərindən öyrənilməsinin əhəmiyyətindən eyni zamanda Qərbi Azərbaycan ərazisində türk-müsəlman abidələrinə qarşı erməni vandalizminin faciəli nəticələrindən bəhs edi. Qərbi Azərbaycanın türk mənşəli topnimlərinin saxta erməni adları ilə əvəz edilməsinin, XX əsrdə Qərbi Azərbaycan ərazisində Azərbaycan xalqının maddi-mədəni irsinə və tarixi-coğrafiyasına qarşı törədilən cinayətlərin erməni faşizmi nəticəsində baş verdiyini diqqətə çatdırıb.
Tədbirdə “Qarabağ” İKT Mərkəzinin istehsalı olan “İrəvan –gizlədilmiş həqiqətlər” sənədli filmi nümayiş edilib.