"Paylaşdığımız kiçik bir yanlış xəbər cəmiyyətdə təşvişə səbəb ola bilər" - MEDİA könüllüsü

 16:51 19.12.2024     153

"Bu dəqiqə əlimizdə olan bu gücün fərqinə varmalıyıq, informasiyanı doğru istifadə etməyi öyrənməliyik. Burada da bizim media savadlı vətəndaş olmağımız tələb olunur".

Bu sözləri Redaktor.az-a Medianın İnkişafı Agentliyinin (MEDİA) könüllüsü Türkanə Muradlı media savadlılığı mövzusunda bilgilərindən danışarkən dedi. Onun sözlərinə görə, paylaşdığımız çox kiçik bir yanlış informasiya belə cəmiyyətdə böyük kütləyə yayıla və təşvişə səbəb ola bilər:

"16-22 dekabr tarixlərində Medianın İnkişafı Agentliyi tərəfindən ölkə üzrə media savadlılığı həftəsi keçirilir. Bu həftənin təşkil olunmasının mahiyyəti də media savadlılığı ilə bağlı cəmiyyətin fərqindəliyinin artırılmasıdır və informasiya təhlükəsizliyinin təmin edilməsidir. Bildiyimiz kimi, texnologiyanın inkişafı ilə gün ərzində biz minlərlə informasiyaya məruz qalırıq. Lakin bunun nə qədər doğru və ya yanlış olduğunu çox zaman qavramırıq və heç buna da çalışmırıq. Əslində məsələni bir azca dərindən araşdırsaq, əlimizdə nə qədər təhlükəli bir gücün olduğunun fərqinə vararıq. Belə deyək də, paylaşdığımız adi, çox sadə, kiçik bir yanlış informasiya belə cəmiyyətdə böyük kütləyə yayıla və təşvişə səbəb ola bilər. Hətta belə bir nümunə verək. Keçmişdə bu informasiyanı qəzetdən, televiziyadan aldığımız zamanlardan danışıram. Bu zaman yanlış informasiyanın yayılması və onun təkzibi çox sadə idi. Dezinformasiya yayılırdı və bundan sonra təkzib edilirdi. Cəmiyyət də başa düşürdü ki, bu yalan idi. Çox böyük problem yaranmırdı. Amma indi baxsaq, məsələn düşünək ki, ictimai əhəmiyyətli bir şəxs haqqında sosial mediada bilərək və bilməyərəkdən yanlış bir informasiya paylaşılır, bu, o dəqiqə cəmiyyətdə sürətlə yayılacaq və bunun yanlış olduğunu ilk paylaşan tərəf bildirsə belə, o təkzib bunun qədər populyar olmayacaq və nəticədə nə olacaq? Həmin o ictimai əhəmiyyətli şəxsin karyerası bitəcək, sosial həyatı bitəcək, bir müddət cəmiyyətdən uzaqlaşmaq məcburiyyətində qalacaq. Yəni adi bir yanlış informasiyanın sosial mediada paylaşılmağı bunlara gətirib çıxaracaq".

MEDİA könüllüsü media savadlılığı həftəsində cəmiyyətin maariflənməsi üçün bir sıra tədbirlər keçirildiyini bildirdi:

"Bütün bunlara görə də Medianın İnkişafı Agentliyi belə bir həftə keçirməyi qərara aldı. Bu həftə ərzində media savadlılığının artırılması, xüsusilə də həssas istifadəçi qrupu olan gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması məqsədilə tədbirlər keçirilir. Bu tədbirlərə misal olaraq təxminən 500 gənc və könüllünün, eləcə də media qurumlarının nümayəndələrinin iştirakı ilə Media Savadlılığı Konfransı keçirildi. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasında gənclərin maariflənməsi üçün eyniadlı təlim, media və kommunikasiya sahəsini tədris edən akademik heyət üçün TOT, Füzuli məktəbində şagirdlər üçün təlimlər təşkil olunub və ayın 22-nə qədər də bu təlim və tədbirlərin təşkil olunması davam edəcək". 

Türkan Muradlı informasiyanın doğruluğunu necə yoxlamaq lazım olduğuna da diqqət çəkdi:

"Bunun üçün bir neçə üsul var. Birinci üsul mənbəyinə baxmaqdır. Çox vaxt yalan xəbərlərin, dezinformasiyaların istinadı olmur və ya istinad üçün aşağı link qoyurlar, baxırsan ki, link boşdur, yaxud tamamilə başqa bir şeydir. Bundan əlavə aldığın xəbəri və ya informasiyanı sadəcə bir deyil, bir neçə mənbədə təsdiqini tapmış olmağı gərəklidir. Həmçinin məlumatın müəlliflərini araşdırmaq lazımdır. Kiçik bir araşdırma ilə onların kim olduğu, başqa hansı informasiyanı paylaşdıqlarına və s. baxmaq olar. Bununla da məlumatın qərəzli və ya qərəzsiz olduğunu da aydınlaşdırmaq olar. Çünki artıq hər kəs öz media qurumunun ideologiyası ilə hərəkət etdiyinə görə biz burada qərəz məsələsinə də diqqət etməliyik. Bir də həmin informasiyanın dərc tarixinə baxmaq lazımdır. Bəzən elə olur ki, çox köhnə informasiya və ya xəbər son zamanlarda gündəm ola bilir. Yəni buna da diqqət etmək lazımdır. Əsasən də sosial media platformalarında bu hallarla daha çox rastlaşırıq".

Türkan İSGƏNDƏRLİ